AZ

Qəbələdə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Qəbələ rayonunda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti və İtaliyanın CIMA Tədqiqat Fondunun birgə tərəfdaşlığı ilə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib.

FHN-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim transsərhəd meşə yanğınları risklərinin idarə edilməsi sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında birgə əməkdaşlığı nəzərdə tutan “Azərbaycan və Gürcüstanda Meşə Yanğınlarının Transsərhəd Risklərinin Qiymətləndirilməsi və Fəaliyyət Planı üzrə Sailor Layihəsi” çərçivəsində təşkil olunub.

Masaüstü təlimdə transsərhəd təsirlərin idarə edilməsi bacarıqları və innovativ həllərə əsaslanan erkən xəbərdarlıq sistemlərinin, proqnozlaşdırma alətlərinin tətbiqi imkanları qiymətləndirilib, həmin sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Tədbir çərçivəsində meşə yanğınlarının transsərhəd risklərinin idarə edilməsi sahəsində əməkdaşlığın davamı olaraq Azərbaycan FHN ilə Gürcüstan DİN-in Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında hazırlanması nəzərdə tutulan birgə fəaliyyət planının müvafiq istiqamətləri də müzakirə olunub.

Təlim çərçivəsində gürcüstanlı nümayəndələr Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin, o cümlədən digər yerli qurumlarının imkanları ilə yaxından tanış olublar.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları, Qəbələ Rayon Polis Şöbəsi, Qəbələ Rayon Mərkəzi Xəstəxanası, rayonun Tikanlı, Abrıx, Dandıx, Solqıca, Qəmərvan kəndləri üzrə bələdiyyələrin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin rəhbər şəxsləri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gürcüstan DİN-in Fövqəladə Halların İdarəedilməsi Xidməti və İtaliyanın CIMA Tədqiqat Fondunun nümayəndələri iştirak ediblər.

Seçilən
1
16
azertag.az

10Mənbələr