ABŞ Prezidenti Donald Tramp tariflər məsələsində istədiyinə nail olmaq üzrədir. Belə ki, görünən qədərilə, Çin tariflərlə bağlı geri addım atmaq qərarına gəlib.
ABŞ Prezidenti Donald Tramp “TİME” nəşrinə açıqlamasında bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ona zəng edib.
Tramp Çin liderinin tariflərlə bağlı onunla əlaqə saxladığını və administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib:
“Mən bunun onun adından zəiflik əlaməti olduğunu düşünmürəm”.
O, növbəti üç-dörd həftə ərzində tam sövdələşmələr cədvəlinin açıqlanacağını gözlədiyini bildirib.
Tramp həmçinin, jurnalistlərə açıqlamasında Vaşinqton və Pekinin yaxın üç-dörd həftə ərzində ticarət razılaşmalarına nail olacağını gözlədiyini də diqqətə çatdırıb.
"Mən düşünürəm ki, yaxın üç-dörd həftə ərzində hər şey yekunlaşa bilər. Düşünürəm ki, Çinlə razılaşacağıq. Hamı ilə sövdələşmələr edəcəyik", - Tramp deyib.
CNN-nin məlumatına görə isə Çin aprelin 24-dən etibarən ABŞ-dan idxal edilən bəzi yarımkeçiricilərə tətbiq edilən 125% rüsumu aradan qaldırıb.
Qeyd edək ki, Tramp başladığı tarif müharibəsi fonunda əsas tarif rüsumlarını Çinə qarşı tərbiq etmişdi. O Pekinə münasibətdə 145 faizlik rüsum qoydu ki, Çin də cavabında qarşı tərəfə 125 faizlik rüsum tətbiq etdi. Amma indi görünür Çin geri addımlar atmaq qərarına gəlib.
Belə olarsa, bundan sonra dünya ticarətini nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL sədri Natiq Cəfərli bildirir ki, Çinlə ABŞ razılığa gələrsə, bir müddət sonra ticarət müharibələri də səngiyəcək:
“Bu heç də o demək deyil ki, tərəflər arasında mövcud olan bütün problemlər artıq həllini tapdı. Hələlik tərəflər arasında danışıqlar gedəcək. Bununla belə, Pekinin tariflərlə bağlı geri addım atması onu göstərir ki, Trampın tariflərlə təzyiq metodu işləyir.
Yəqin ki, bu əsasda Tramp Çin və digər ölkələrlə yeni müqavilələrin bağlanılmasına nail olunacaq. Bundan sonra da ticarət müharibələri səngiyə bilər. Çünki problemi yaradan əsas məqam Çinlə ABŞ arasında olan ziddiyyət idi. Onlar arasında anlaşma baş tutaraq, işlək vəziyətə gəldikdən sonra, Vaşinqton güman ki, digər ölkələrlə yeni müqavilələr imzalayacaq. Nəticədə bir müddət sonra ticarət müharibələrinin səngidiyini də söyləmək mümkün olacaq”.
Rüfət Sultan, Bizim.Media