BAKI, 30 aprel. TELEQRAF
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaş ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşrin fikrincə, İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi davam edərsə, partiya qarşıdakı seçkilərə Mansur Yavaşın namizədliyi ilə gedəcək.
Mənbə qeyd edir ki, CHP sədri Özgür Özəl partiyasının prezidentliyə namizədi İmamoğlunun həbsinin davam edəcəyi təqdirdə tətbiq edəcəkləri formulu açıqlayıb. O, bu dəfə əvvəllər heç vaxt namizədlik məsələsində adını çəkmədiyi Mansur Yavaşa işarə edib. Özəl bildirib ki, Yavaş prezident seçilərsə, parlament sistemi tətbiq olunacaq və İmamoğlu baş nazir olacaq.
Nəşr yazır ki, Mansur Yavaş Özgür Özəlin açıqlamasına heç bir reaksiya verməyib:
“Zərrə qədər də təpki göstərmədi. Əslində, CHP sədri Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmayacağını açıqladı. Özgür Özelin bu açıqlaması Əkrəm İmamoğlunun prezidentliyə namizədliyi məsələsində tarixi dönüş, qırılma nöqtəsidir”.