ABŞ prezidenti Donald Tramp aprelin əvvəlində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə söhbətində Amerika gəmilərinin Süveyş kanalından pulsuz keçidinə nail olmaq istədiyini bildirib...
Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, həmçinin Tramp ABŞ hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsi yolu ilə Husilərə qarşı əməliyyatlarda Misirin dəstəyini təmin etmək istəyir. Trampa görə, bu, Süveyş kanalı vasitəsilə nəqliyyatın hərəkətini yaxşılaşdıra bilər. Bununla belə, cənab əs-Sisi buna qarşı çıxıb və Qəzzada atəşkəsin əldə olunmasını “husiləri dayandırmağın ən yaxşı yolu” adlandırıb.
ABŞ prezidentinin təklifi Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə davam edən hücumları fonunda irəli sürülüb ki, bu da kanal vasitəsilə yük daşımalarının və Misirin gəlirlərinin azalmasına səbəb olub. WSJ yazır ki, yazda Vaşinqtona səfəri zamanı Misir rəsmilərinə xəbərdarlıq edilib ki, ABŞ administrasiyası Qahirəyə iqtisadi dəstəyi əhəmiyyətli dərəcədə azalda bilər.
Qeyd edək ki, aprelin 27-də Donald Tramp Misirin nəzarətində olan Süveyş kanalından ABŞ-ın ticarət və hərbi donanmalarına rüsumsuz keçidə icazə verilməsinin vacibliyini bəyan edib. O, əmindir ki, Atlantik və Sakit Okeanları birləşdirən Panama kanalından keçərkən Amerika gəmiləri üçün də gömrük maneələri olmamalıdır.
Poliqon.info