BAKI, 30 aprel. TELEQRAF
Mənzil dələduzluğu ittihamı ilə həbs edilən "Mur-Ay" MMC-nin vəzifəli şəxsin kasasiya şikayəti təmin olunub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, MMC-nin mühasibi işləmiş Novruz Muxtarov apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi ilə bağlı 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.
Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti yuxarı instansiya məhkəməsində də təmin edilməyib.
Bundan sonra o, daha yuxarı instansiya məhkəməsinə üz tutub. Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı tamami ilə ləğv edilib və iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.
Yaxın günlərdə Novruz Muxtarovun şikayəti üzrə apellyasiya instansiyasında məhkəmə başlayacaq.
Qeyd edək ki, Novruz Muxtarov barəsində olan cəzanı başa çatdırıb və həbsdən azad edilib.
Hökmlə Novruz Muxtarova məxsus qeyri-yaşayış sahəsi müsadirə edilərək iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilib. Əmlakının müsadirə olunması ona 17 aprel 2024-cü ildə obyekti yenidən icarəyə vermək istəyərkən məlum olub. 2013-cü ildən 2024-cü ilə kimi obyektin (qeyri-yaşayış binasının) müsadirə olunması barədə ona heç bir orqandan rəsmi məlumat daxil olmayıb və məhkəmə hökmü də icra olunmayıb.
Qeyd edək ki, MMC-nin sədri Elxan Hüseynov, müavini Bəybala Sultanov, şirkətdə müsahib işləyən Novruz Muxtarov, Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, satış üzrə menecer Səhriyar Ağayev, Sifəddin Səfərov və "Azərbaycan" nəşriyyatının keçmiş direktor müavini Qalib Məmmədbəyli 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.
Elxan Hüseynov 15 il, Qalib Məmmədbəyli 10 il, Bəybala Sultanov 13 il, Seyfəddin Səfərov 10 il, Şəhriyar Ağayev 11 il, Vaqif Söhbətov 12 il və Novruz Muxtarov 11 il azdlıqdan məhrum edilib.
"Mur-Ay" MMC inşaat şirkətidir. Şirkət Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirib. Sonradan məlum olub ki, şirkətin rəhbərliyi mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satıb. Vətəndaşların çoxsaylı şikayətlərindən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.