Natiq Cəfərli: “İşçilərin hüquqlarını qoruyan mexanizm hazırlanmalıdır”
Məlum olduğu kimi, Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq olunacaq.Bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev media nümayəndələrinə bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür.
Onu da bildirək ki, saatlıq əmək haqqı söhbəti gündəmə gələndən müəyyən fikirlər səslənir. Bir qisim ekspertlər hesab edir ki, bəzi işəgötürənlər saatlıq əməkhaqqı sistemindən sui-istifadə edib işçiləri rəsmi olaraq az saat göstərib, daha çox işlətdirə bilərlır. Bu da əmək hüquqlarının pozulması deməkdir.
“Minimum əməkhaqqından saat hesabı əməkhaqqına keçid baş verəcəksə, yeni qanun layihəsinə ehtiyac yaranacaq”
Maraqlıdır, yeni sistem hansı dəyişikliklərə səbəb olacaq? İqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda Azərbaycanda orta əmək haqqının artım tempi təxminən 6-7 faiz arasındadır: “Minimum əməkhaqqından saat hesabı əməkhaqqına keçid baş verəcəksə, yeni qanun layihəsinə ehtiyac yaranacaq və "aylıq hesablanan minimum əmək haqqı "sözlərinin bütün qanunvericilik aktlarından çıxarılmasına ehtiyac yaranacaq. Məlumdur ki, hazırda ölkədə normativ hüquqi aktlara görə 8 saatlıq iş rejimi tətbiq edilir. Hətta, 5 günlük iş hissəsini hesablasaq, indiki 345 manatı saat hesabına böləndə, saata təqribən 1 manat 80 qəpik -2 manat düşmür. Bu çox aşağı göstəricidir. Ciddi artım olmalıdır ki, insanların büdcəsinə təsir eləsin. Tənzimlənmə mexanizmi çox dəqiq olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, VÖEN-lə çalışan insanlar var. Əmək haqqı artan kimi, onların vergi yükü avtomatik olaraq artır. Bu doğru deyil. Qanunvericlikdə bu dəyişiklik də əksini tapmalıdır. Həmçinin, saathesabı minimum əməkhaqqı müəyyənləşəcəksə, bu zaman işəgötürənlə işçi arasında müəyyən sövdələşmələr ola bilər. Bu da qara maaşın, yəni nəzərə alınmayan maaşların yaranmasına da səbəb ola bilər. Belə hallar yaşanmasın deyə bunun tətbiqi mexanizmləri detallı şəkildə müəyyənləşdirilməlidir. İşçilərin hüquqlarını qoruyan mexanizm hazırlanmalıdır”.
Günel CƏLİLOVA