AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
30 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında terror törədilib:
2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.
Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.
Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb.
30 aprel Beynəlxalq Caz Günüdür:
Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.
Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.
Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.
30 aprel 1937-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşası olub:
Rəssam Rüstəm Mustafayev, rejissor İsmayıl Hidayətzadə, baletmeyster İqor Arbatov, o cümlədən baş rolun ifaçısı Bülbül, balerina Qəmər Almaszadə və başqaları operanın ərsəyə gəlməsinə böyük əmək sərf ediblər. 70 ildən çoxdur ki, “Koroğlu” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarından düşmür.
30 apeel 1993-cü ildə“World Wide Web” (www) yarandı:
CERN "www" proqramı üzərindəki müəlliflik hüququnu aradan qaldırdıqdan sonra internetin istifadəsi hər kəsə sərbəst oldu, açıq qaynaq halına gəldi və bu sahə sürətlə genişlənməyə başladı.