Azərbaycan kosmosun tədqiqi təşəbbüsünə qoşulan 13 ölkənin tərkibində Rusiya və Çin alimləri ilə birgə Beynəlxalq Elmi Ay Stansiyanın yaradılmasında iştirak etmək niyyətindədir. Rusiya Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası olan “Roskosmos”un baş direktoru Dmitri Bakanov BRICS kosmik agentliklərinin rəhbərlərinin iclasında bu faktı təsdiq edib.
O bildirib ki, Rusiya və Çinin Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması təşəbbüsü 13 ölkə, o cümlədən BRİKS-in üzvü olan üç ölkə tərəfindən dəstəklənib: “Çin ilə birgə təşəbbüsümüz fəal şəkildə inkişaf edir. Artıq 13 ölkə - Belarus, Pakistan, Azərbaycan, Venesuela, Tailand, Serbiya, Nikaraqua, Seneqal, Cibuti, Boliviya, o cümlədən BRİKS üzrə həmkarlarımız Misir, Efiopiya və Cənubi Afrika Respublikası da təşəbbüsə qoşulub".
Bakanov qeyd edib ki, sıçrayışlı layihədə iştirak üçün mütləq stimul Rusiyanın uzun müddətdir, kosmik dərin tədqiqatlar sahəsində, xüsusən də eniş texnologiyası hələ dünyada heç kim tərəfindən təkrarlanmayan Veneranın tədqiqi sahəsində uğurla işləyir. “Roskosmos” rəhbəri qeyd edib ki, Çin, Hindistan kimi Rusiyanın da Ay və Marsı tədqiq etmək, xüsusən də onlara kosmik gəmilər endirmək təcrübəsi var və buna görə də onların kosmosun dərin tədqiqi sahəsində texnoloji nailiyyətləri beynəlxalq BRİKS proqramları üçün əsas ola bilər. Dmitri Bakanov ümid etdiyini bildirib ki, digər ölkələrin layihədə iştirakı onlara öz büdcələrinə uyğun olaraq kosmik tədqiqatları daha səmərəli və optimal şəkildə həyata keçirməyə imkan verəcək. Ay stansiyasının əsas modeli 2028-ci ilə qədər tamamlanacaq və Ay səthinin tədqiqi, missiyanın əsas sistem və avadanlıqlarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq. 2040-cı ilə qədər alimlər Günəş, Ay və Yerin təbiəti ilə bağlı yeni kəşflər etdikdə stansiyanın daha da təkmilləşdirilməsi planlaşdırılır. Mümkün təkmilləşdirmələrə gələcəkdə insanın Aya enişi və dərin kosmos kəşfiyyatı missiyaları üçün süni peyklər bürcünün yaradılması da daxildir.Çin kosmik sənayedə lider olmağı hədəfləyir və 2030-cu ilə qədər öz astronavtlarını Aya endirməyi planlaşdırır. Əsas məsələlərdən biri gələcək bazanın enerji təminatıdır. Çin mühəndisi Pei Zhaoyu tərəfindən keçirilən təqdimatda bildirildi ki, Çin sözügedən stansiya üçün enerji təmin etmək məqsədilə Ayda atom elektrik stansiyası tikmək imkanını nəzərdən keçirir. Atom elektrik stansiyasına alternativ və ya əlavə olaraq iri günəş panellərinin istifadəsi, həmçinin istilik və bazanın enerji təchizatı üçün boru kəmərləri və kabellər şəbəkəsinin yaradılması nəzərdən keçirilir. Qeyd edək ki, “Roskosmos” Beynəlxalq Elmi Ay Stansiyasını enerji ilə təmin etmək üçün 2035-ci ilə qədər Çinlə birlikdə Ayda nüvə reaktoru tikmək planlarını ötən il açıqlamışdı. Maraqlıdır ki, Ayın cənub qütbündə Çin forpostunun yaradılması vaxtı Amerikanın “Artemida” proqramının vaxtı ilə üst-üstə düşür. Birləşmiş Ştatlar və tərəfdaşları “Artemida” proqramını Ayın cənub qütbündə baza yaratmaq üçün resurs hasilatı və kosmik texnologiyanın inkişafına xüsusi önəm verir. Bu ad təsadüfən seçilməyib. Qədim yunan mifologiyasında Artemida Ay, ovçuluq və təbiət ilahəsi, həmçinin 1960-1970-ci illərdə ABŞ-ın Ay layihəsinin adını daşıyan Apollonun əkiz bacısıdır. Bu, köhnə və yeni proqramlar arasındakı davamlılığı vurğulayır, eyni zamanda Ayın kəşfiyyatında yeni mərhələni simvollaşdırır. NASA bu strukturu 2030-cu ilə qədər tikəcək.
Bu baza qabaqcıl elmi və texnoloji obyektə çevriləcək. Onun məqsədi Ayın dərin tədqiqini aparmaq, Marsa missiyalara hazırlamaq, insanların kosmosda uzunmüddətli olması üçün şərait yaratmaq, Yerin təbii peykindən avadanlıq və texnologiyaların sınaq meydançası kimi istifadə etməkdir. Ay oksigen və yanacağın təmini baxımından mümkün olan reqolit kimi resursların çıxarılması və emalı üçün həyati dəstək sistemləri ilə təcrübələr üçün unikal platforma olacaq. Bundan əlavə, Ayda atmosferin olmaması minimal müdaxilə ilə astronomik tədqiqatlar üçün ideal şərait yaradır. ABŞ-ın Ay bazasına həmçinin aşağıdakılar daxildir: insanların uzunmüddətli qalması üçün nəzərdə tutulmuş əsas yaşayış yeri; Ayın səthində yaşayış və hərəkətlilik üçün uyğun mobil platforma; ətraf ərazinin tədqiqi, avadanlıqların quraşdırılması. Bazanın tikintisi üçün yer kimi Ayın cənub qütbündəki Şeklton krateri seçilib. Bölgə buz yataqları ilə zəngindir, bu yataqlar yanacaq kimi və həyati təminat sistemlərində istifadə üçün hidrogen və oksigenə çevrilə bilər. Bu yerin seçimi həm də qütblərdə uzun müddət qaranlığı kompensasiya etməyə kömək edəcək nisbətən sabit işıqlandırma şəraiti ilə əlaqədardır. Ayın torpağını və alüminium, silisium, kalsium və oksigen çıxarmaq mümkün olan anortit kimi mineralları emal etmək üçün avadanlıqların quraşdırılması planlaşdırılır. Bu materiallardan infrastrukturun tikintisi üçün istifadə olunacaq. Bazanın enerji təchizatı təkcə günəş panelləri ilə deyil, həm də dörd nüvə reaktoru ilə təmin ediləcək. Onlardan ikisi resurs hasilatı və emalı üçün istifadə olunacaq, digər ikisi isə ehtiyat enerji mənbələrinə çevriləcək. Layihənin logistikası Aya 100 tona qədər yük çatdırmaq qabiliyyətinə malik olan “Starship” kosmik gəmisinin aktiv istifadəsini nəzərdə tutur. Beynəlxalq hüquq, 1967-ci il Kosmos Müqaviləsinə əsasən, Ay da daxil olmaqla, göy cisimlərinin milli mənimsənilməsini qadağan edir . Bununla belə, bu sənəd xüsusilə kommersiya resurslarının çıxarılması məsələlərində bir çox boşluqlar buraxır. Birləşmiş Ştatlar və onun tərəfdaşları tərəfindən hüquqi sahənin yeni şəraitə uyğunlaşdırılması üçün əsas alət 2020-ci ildə Artemida Sazişlərinin imzalanması olub.Bu təşəbbüsün mahiyyəti iştirakçıların səma cisimlərinə sahib olmamaq prinsipini rəsmi şəkildə pozmadan Ayda kommersiya fəaliyyəti həyata keçirmək hüququndan ibarətdir. Bu o deməkdir ki, ayrı-ayrı ölkələr və şirkətlər ərazi mülkiyyətinə iddia etmədən faydalı qazıntıların çıxarılmasını təşkil edə bilərlər. Əslində bu, ABŞ və onun müttəfiqlərinə Ayın ən perspektivli sahələrinə nəzarəti bərqərar etməyə səy göstərməyə imkan verir. Bu fonda Rusiya və Çin tərəfdaşları ilə bərabər əməkdaşlığa və resursların paylaşılmasına diqqət yetirərək orada Beynəlxalq Elmi Ay Stansiyasını layihələndirirlər.
Samirə SƏFƏROVA