İran prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfəri, aparılan müzakirələr iki ölkə arasında münasibətlərin inkiaşfında yeni bir mərhələ açır. Burada xüsusi qeyd edilməlidir ki, bu, 44 günlük Vətən müharibəsindən sonra İran prezidentinin ölkəmizə ilk səfəridir.
Səfər əsnasında aparılan müzakirələr, verilən açıqlamalar münasibətlərin istiləşməsi ilə yanaşı, müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Pezeşkianın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini deməsi münasibətlərin dərinləşəcəyi istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verir: “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam”.
Bu gün xüsusən də nəqliyyat-logistika sferasında Azərbaycan və İran birgə mühüm prosesə start verməyə başlayır. Qeyd olunan fonda prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda mühüm məqamlara toxunub: “Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik.Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində”. İran prezidenti Məsud Pezeşkian da ölkəsinin bu prosesdə maraqlı olduğunu diqqətə çatdırıb: “Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik. İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik”. İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəz Zöhrəvənd bildirir ki, Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı, o cümlədən iqtisadi baxımdan tərəflər üçün çox faydalıdır: “Bu səfər iqtisadiyyatın və qarşılıqlı ticarətin inkişafı baxımından hər iki dövlətə fayda qazandıra bilər”. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini nəzərə çatdıran Ə.Zöhrəvənd bildirib: “Şimal-Cənub dəhlizi strateji əhəmiyyət daşıyan layihədir. Bu dəhliz İran ilə Azərbaycanın iqtisadiyyatının inkişafına yeni imkanlar yaradaraq, qarşılıqlı ticarətin də inkişafına təkan verəcək, gəlirləri artıracaq, əhalinin məşğulluğunu təmin edəcək”. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə toxunan İran parlamentinin üzvü Ramazan Əli Sangdevni bildirib ki, hər iki dövlət dəmir yolu vasitəsilə Fars körfəzi və Avropa arasında körpü rolunu oynaya bilər. Rusiyalı nəqliyyat eksperti İrina Fedorovskaya qeyd edir ki, Şimal–Cənub dəhlizi Süveyş kanalına alternativ olmaqla Hindistandan Rusiya və Avropaya, eləcə də əks istiqamətə tranzit yük daşımaları üçün əlverişli imkan yaradır: “Onun ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İran ərazisindən keçir. Hazırda bu dəhlizlə daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir. Yaxın illərdə dəmir yolu ilə də yük daşımaların həcminin artacağı gözlənilir. Çünki 2023-cü ilin mayında Rusiya və İran arasında dəhlizin Astara–Rəşt dəmir yolu hissəsinin tikintisi üçün İrana 1,3 milyard avro məbləğində kredit ayrılması haqqında hökumətlərarası saziş imzalanıb. Bu layihənin həyata keçirilməsi yüklərin digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolu ilə fasiləsiz daşınmasını təmin edəcək və daşıma qabiliyyətini ilk dövrlərdə 15 milyon tona çatdıracaq”. Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə qeyd edir ki, rusiyalı mütəxəssislər artıq Rəşt-Astara dəmir yolu layihəsi üzərində iş aparırlar. Qeyd edək ki, 2023-cü ildə Rusiya ilə İran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycanla İran arasında Fars körfəzinin limanlarına dəmir yolu xəttinin çıxışını təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran tikinti və layihələndirmə işlərini, həmçinin malların tədarükü və xidmətləri birgə maliyyələşdirəcək.
Burada onu da qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, Şimal-Cənub dəhlizi ilə cəmi 7200 kilometr yol gedəcəklər. Yüklər 60 gün ərzində deyil, 30 gün ərzində mənzilbaşına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz azalacaq. Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli şəkildə faydalanaraq üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnmək, yeni dividendlər qazanmaq istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Bundan başqa, Şimal-Cənub marşrutu Azərbaycan, İran və Rusiya ərazilərində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Azərbaycanın bu dəhlizdən gözləntiləri xüsusilə çoxdur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Rusiyalı nəqliyyat eksperti İrina Fedorovskayanın sözlərinə görə, dəhlizlə beynəlxalq yükdaşımaların artması proqnozları bu marşruta marağı artırır. Eyni zamanda, region ölkələri və inkişaf etmiş dövlətlər dəhlizə əsas alternativ nəqliyyat marşrutu kimi yanaşırlar. Cənubi Asiya ölkələri, Yaxın Şərqin dövlətləri də Azərbaycan ərazisindən keçən və Rusiya üçün həyati əhəmiyyət kəsb edən bu dəhlizə maraq göstərirlər. Çünki layihədə iştirak edən hər bir ölkə qazanclı çıxacaq. Məsələn, dəhlizin formalaşmasında iştirak edən Azərbaycan öz məhsullarını ixrac etməklə yanaşı, tranzit gəlirlər də əldə edəcək. Prosesdə Rusiya və İranın xüsusi marağı da ölkəmizə əlavə üstünlüklər qazandırır.
Ramil QULİYEV