"Ermənistan tərəfinin hərbi-siyasi rəhbərliyi ilə bağlı söylədikləri sadəcə söz olaraq qalır."
Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyir.
"Biz bunu artıq İkinci Qarabağ müharibəsindən və hazırkı terror aksiyalarından sonra açıq şəkildə müşahidə edirik. Lakin təxribatların daha da təhlükəli xarakter alması, məhz Ermənistanın və onun əsas havadarı olan Fransanın, həmçinin orada yerləşən guya mülki “missiya”nın birgə həyata keçirdiyi təxribat xarakterli fəaliyyətlərlə bağlıdır. Onlar dünya ictimaiyyətinə belə bir mesaj verməyə çalışırlar ki, guya həmin “missiya”ya ehtiyac var və bölgədə sabitliyə töhfə verirlər.
Eyni zamanda, Ermənistan bu təxribat xarakterli addımlarla hərbi və siyasi dəstək qazanmağa çalışır. Bildiyimiz kimi, həmin “missiya”nın fəaliyyət müddətinin uzadılması məsələsi gündəmdədir. Bu təxribatların baş verdiyi ərazilərə – xüsusilə Kəlbəcər, Laçın və eyni zamanda Naxçıvan istiqamətinə baxdıqda, orada intensiv şəkildə təxribat xarakterli fəaliyyətlər müşahidə olunur. Paralel olaraq da Ermənistana edilən yardımların həcminin artırılması və siyasi dəstək əldə olunması prosesi gedir."