İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini həm iki ölkə arasındakı gələcək əməkdaşlıq münasibətləri, həm regional, həm də qlobal münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir.
Birincisi, eyni tarixi və mədəni köklərə malik Bakı ilə Tehran arasında qonşuluq əlaqələrin inkişafına və dərinləşməsinə mane olan faktorlar var ki, ilk növbədə bunlar aradan qaldırılmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda Bakı-Tehran münasibətlərə toxunaraq qeyd edib ki, İran prezidenti Pezeşkianın ölkəmizə səfəri ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaq.
“Son aylar ərzində yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. Biz seçilmiş Prezident tərəfindən verilmiş mesajları alqışladıq. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla.
Bizim olduqca geniş iqtisadi və nəqliyyat gündəliyimiz var. Azərbaycan Orta Dəhlizlə yanaşı, həm də Şimal-Cənub dəhlizinin tərkib hissəsidir. Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir.
Enerji infrastrukturu və elektrik xətləri ilə bağlı məsələlər həll olunub. Biz İrana elektrik enerjisi ixrac edirik. Həmçinin regionda çoxtərəfli əməkdaşlıq üzərində də çalışırıq. Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi.
Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”.
Bu baxımdan prezident Pezeşkianın səfəri ikitərəfli normal qonşuluq münasibətlərinin inkişaf perspektivi və mövcud gərginliklərin aradan qaldırılıb yeni mərhələyə qədəm qoyması və qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu müstəvidə qurulmasına təkan verə bilər.
Bakı ilə Tehran arasında münasibətlərin tez bir zamanda arzuedilən səviyyəyə qalxacağını da gözləmək sadəlövhlük olar. Münasibətlərin yüksək səviyyəyə qalxması təkcə prezident Məsud Pezeşkiandan asılı olan məsələ deyil. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, İrandakı mürəkkəb iyerarxatik siyasi sistemin mövcudluğu, icra hakimiyyətinin məhdud imkanlara malik olmasıdır. Burada digər əsas faktorlardan biri də Azərbaycanla yüksəksəviyyəli münasibətlərin olmasını istəməyən qüvvələrin siyasi hakimiyyətə təsir etmə gücünə malik olmasıdır.
Bunun üçün Bakı-Tehran münasibətlərinin tarixinə diqqət yetirmək kifayətdir. Bakı-Tehran münasibətlərinin ən ilğım dövrü İranda islahatçı qanadın hakimiyyətdə olduğu dövrə təsadüf edir. Bundan öncə islahatçı qanadın təmsilçisi olan Həsən Ruhaninin prezidentliyi dövründə təkcə iki ölkə prezidentləri arasında 10-a yaxın görüşü olub. İkitərəfli münasibətlər tamarzuedilən səviyyədə olmasa da, normal məcrada inkişaf edib. Pezeşkian da islahatçı qanadın təmsilçisi olduğundan ikitərəfli münasibətlərdə sıçrayış gözlənilməsə də, ən azından ikitərəfli əlaqələrdə buzların əridilməsi istiqamətində addımların atılmasının şahidi olacağıq.
Burada digər məqamı da qeyd etmək lazımdır ki. Mövcud qlobal və regional proseslər fonunda, həmçinin Qərbin İrana basqılarının və təcridin daha da arta biləcəyi bir zamanda Tehran Bakı ilə ikitərəfli münasibətlərin normal məcrada inkişaf etdirməyə həm də məhkumdur. Bunun əksi ilk növbədə Tehranın ziyanınadır.
Artıq Pezeşkianın səfərinə və səfər öncəsi münasibətlərin inkişaf tendensiyasına nəzər salsaq Tehran üzləşdiyi durumun vəziyyətini anladığı üçün Bakı ilə münasibətlərin yeni bir inkişaf mərəhələsinə qoymasında maraqlı görünür.
Pezeşkianın Bakıda Qarabağın Azərbaycanın hüquqi ərazisi olması, nəqliyyat, iqtisadi-ticari, elmi-mədəni və digər sahələrdə bəyanatlar verməsi bunu deməyə əsas verir. Pezeşkianın Azərbaycana səfərində ən mühüm əhəmiyyət kəsb edən mesaj isə onun Azərbaycan dilində şeirlər səsləndirib danışmasıdır. Yəni Tehranın Bakını seçmək zorunda qalması faktı kimi... Çünki Bakı-Tehran münasibətlərinin normal qonşuluq münasibətlərində inkişafı yeni dünya düzəninin formalaşması istiqamətində gedən mübarizədə siyasi, iqtisadi-ticari, logistik, turizm baxımından çox böyük əhəmiyyət kəsb edir. Münasibətlərinin inkişafı Tehranın Şimal-Cənub, Orta Dəhliz vasitəsilə Qərb-Cənub, Şimaldan Körfəzə və əks istiqamətdə yükdaşımalarda, enerji, “yaşıl enerji” sektorunun imkanlarından fayadlana bilər.
Bakı-Tehran münasibətlərinin inkişafı yekun olaraq İranın üzləşdiyi xarici və daxili böhranların, digər region ölkələri ilə daha sıx əlaqələrin, həm də gərginliyin aradan qaldırılması, ziyanına olan geosiyasi proseslərin öz xeyrinə dəyişməsi istiqamətində mühüm rol oynaya bilər.
İndi top Tehranın meydanındadır. Çünki İranın hazırda üzləşdiyi bir çox problemlərdən çıxış yolu Azərbaycanla normal münasibətlərin qurulmasından keçir.
Burada diqqət çəkən əsas məqam isə İran prezidenti Məsud Pezeşkianın Azərbaycan dilində mesajı isə Şimalla Cənubdakı Azərbaycan türklərinin məcburən ikiyə bölünməsinə baxımdan həm regional, həm də qlobal baxımdan mühüm əhəmiyyət kəsb edən mesajı idi... Bu həm də Azərbaycan türklərinin oyanışının yeni bir mərəhləyə qədəm qoyması, ümumilikdə Türk dünyasının bir mərkəz kimi təmərküzləşməsi baxımdan ciddi önəm daşıyan bir mesaj idi. Bu, həm də Prezident İlham Əliyevin güclü Azərbaycan yaratmaq istiqamətində yeni paradiqmasıdır...
İkincisi, regional məsələlər baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident Pezeşkianın Qarabağ Azərbaycanın tərkibidir və ya AZTV-yə müsahibəsində Ermənistandan kənar Naxçıvana yol çəkilməsi mesajı İrəvana və onun havadarlarına sarsıdıcı zərbə idi. Bu Ermənistanın geosiyasi cəhətdən əhəmiyyətsiz ölkəyə çevrilməsinin növbəti göstəricisi idi.
Bu, həm də o demək idi ki, bütün güclər Ermənistan vasitəsilə bölgədə öz maraqlarını təmin etmək istəyir və buna nail olandan sonra İrəvan istifadəsiz alət və vasitə kimi kənara atılır. Bundan da hər zaman itirən tərəf Ermənistan olur. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Ermənistan tərəfi qlobal və regional geosiyasi prosesləri analiz edib düzgün nəticə çıxarmayıb Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalamayınca itirə-itirə gedəcək. Nəticədə Ermənistan dövlətçiliyi ciddi təhlükə altında qalacaq.
Tehran eyni zamanda İran-İsrail arasında dialoqun yaranması və ən azından gərginliyin azaldılmasında Bakının rolundan faydalana bilər.
Üçüncüsü, qlobal baxımdan bu səfər Azərbaycanın qlobal müstəvidə fərqli güclər arasında bir əməkdaşlıq, dialoq körpüsü rolu oynamaqla ciddi oyunçu qismində qəbul edilməsi baxımdan əhəmiyyət kəsb edir.
Mürtəza
Ölkə.Az