AZ

Mayın 1-dən balıq ovuna moratorium tətbiq olunacaq

Balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq, 1 may 2025-ci il tarixindən etibarən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium tətbiq olunacaq. Bu moratorium, yəni balıq ovu qadağası 1 sentyabr tarixinədək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Metbuat.az-a açıqlamasında bu müddətdə balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri mövcud qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş alətlərlə balıq ovlamamaqdan çəkinməyə çağırıb. Onun sözlərinə görə, sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən ov alətlərini 1 may tarixinədək çıxarmalıdırlar: “Əks halda, bu alətlərin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunvericiliyə uyğun intizam tədbirləri görüləcək. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz balıq ovuna görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar”.A.Babayeva bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, eləcə də Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir və po Əgər balıq ovu zamanı mühafizə və ov qaydaları pozularsa, istifadə olunan ov alətləri müsadirə olunmaqla və ya olunmadan inzibati cərimə tətbiq edilir. Qeyd edək ki, cərimənin məbləği qaydanın pozulmasının xarakterindən və səviyyəsindən asılı olaraq dəyişir. Balıqçılıqla məşğul olan təsərrüfatlarda balıqqoruyucu qurğuların quraşdırılmaması da qanun pozuntusu sayılır. Bu qaydanı pozan fiziki şəxslər 1000 manata qədər, vəzifəli şəxslər 3000 manata qədər, hüquqi şəxslər isə 15 min manatadək cərimələnə bilər. Qanunun daha sərt şəkildə yanaşdığı hallara isə lisenziyasız balıq ovlamaq, qadağan olunmuş vaxtlarda və ərazilərdə ov etmək, yaxud qadağan olunmuş alətlərdən istifadə etmək daxildir. Bu kimi kobud pozuntulara görə cərimə məbləği 2000 manata qədər artırıla, yaxud şəxs ov hüququndan da 6 aydan 2 ilədək müddətə məhrum edilə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
1
metbuat.az

1Mənbələr