Azərbaycan Respublikası Milli Depozit Mərkəzi və «Unicapital» İnvestisiya Şirkəti bu gün media nümayəndələri üçün birgə təlim tədbiri keçirib. Tədbirdə kapital bazarlarının əsas infrastruktur təminatçılarından biri olan Milli Depozit Mərkəzinin fəaliyyəti həmçinin «Unicapital» İnvestisiya Şirkətinin xidmətləri haqqında ətraflı məlumat verilib.
Tədbirin açılışında Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin İdarə Heyətinin rəhbəri Ağahüseyn Xudaverdiyev və «Unicapital» İnvestisiya Şirkətinin Baş Direktoru Vüqar Namazov çıxış ediblər. Rəhbərlər öz çıxışlarında kapital bazarlarının inkişafı və bu sahədə ictimaiyyətin maarifləndirilməsində media nümayəndələrinin rolunun əhəmiyyətini vurğulayıblar.
Daha sonra Milli Depozit Mərkəzinin Strategiya şöbəsinin rəhbəri Əli Əliyev çıxış edərək, qurumun tarixi inkişaf yolu və müasir dövrdə Azərbaycan kapital bazarları ekosistemində infrastruktur təminatçısı kimi həyata keçirdiyi mühüm funksiyalar barədə məlumat verib. Əli Əliyev qiymətli kağızların saxlanması, qeydiyyatı və hesablaşmaların aparılması sahəsində Milli Depozit Mərkəzinin fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Unicapital İnvestisiya Şirkətinin Daxili və xarici bazarlar üzrə müştəri sifarişlərinin icrası şöbəsinin müdiri Royal Lətifli isə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib və son illərdə Unicapital-ın həyata keçirdiyi əməliyyatlarla bağlı statistik göstəriciləri təqdim edib. Təqdimatda investisiya şirkətinin təklif etdiyi xidmətlər, bazar payı və gələcək planları barədə danışılıb.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.




