“Real”ın 32 yaşlı almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger zədə səbəbindən cari mövsümün qalan hissəsini buraxacaq.
Arena.az xəbər verir ki, Rudiger İspaniya Kral Kubokunun finalında qarşılaşdıqları “Barselona” ilə matçın (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənmişdi.
Madrid klubu futbolçunun sol dizindəki yan menisküsün cırılması səbəbindən bu gün əməliyyat olunduğunu açıqlayıb. İspaniya mətbuatının yaydığı məlumata görə, Rudigerin sağalma müddəti 6-8 həftə aralığında olacaq. Bu isə onun cari mövsümün qalan hissəsində oynamayacağı anlamına gəlir.
Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə verib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 151 oyun, 7 qol, 4 məhsuldar ötürmə.
Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 79 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.