Paytaxt ərazisində nəqliyyat infrastrukturunun inkişafı istiqamətində bir sıra addımlar atılsa da bu gün şəhərdə hələ də bəzi nöqsanlar var.
Avtosfer.az xəbər verir ki, belə nöqsanlarla daha çox Bakının Nizami rayonunda rastlaşmaq olar. Belə ki, rayonun Qara Qarayev prospektində hələ də bəzi hissələrdə qanunsuz parklama yerləri mövcuddur. Edilən xəbərdarlıqlara baxmayaraq, “Neftçilər” metrostansiyasının “Neftçilər Mall” ticarət mərkəzinə tərəf olan çıxışında parklanma üçün kimlərsə tərəfindən şərit yaradılır.
Bir müddət əvvəl ərazidəki qanunsuz parkinqə mane olmaq məqsədilə ticarət mərkəzinin qarşısına plastik tumbalar quraşdırılmışdı. Bu gün isə artıq həmin tumbaları kəsib və yenidən ərazidə avtomobil saxlayıblar.
Ticarət mərkəzinin yola baxan hissəsində isə həmişə 1 nəfər növbəli şəkildə ərazidə avtomobil saxlayanlara guya kömək edir və parklanmaya görə sürücülərdən ödəniş tələb edir.
Ərazidən istifadə edən vətəndaşlar aidiyyəti qurumlardan məsələni nəzarətə götürməyi və tezliklə həll etməyi xahiş edir.
Səfər