BAKI, 29 aprel. TELEQRAF
Səhiyyə Nazirliyi ötən həftələrdə fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqladı. Böyük ajiotaja səbəb olan siyahı mühüm bir məsələni dəqiqləşdirdi: yeni siyahıya qədər ölkədə hələlik 42 həkim plastik cərrahi əməliyyat həyata keçirə bilər.
Komissiyaya sənəd verib kəsilən, yaxud heç sənəd təqdim etməyən həkimlər isə bundan sonra öz ixtisasına uyğun fəaliyyət göstərəcəklər.
Bu sahədə mövcud durumu qiymətləndirmək üçün “Teleqraf” İnformasiya Agentliyinin suallarını adı nazirliyin siyahısında yer alan Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Vaqif bəy, bəziləri nazirliyin ictimaiyyətə təqdim etdiyi siyahı ilə razılaşmır. Siyahı sizi qane etdimi?
- Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısı ilə razıyam, çünki Səhiyyə Nazirliyi müəyyən etdi ki, bu işlə məşğul olanların hamısı plastik cərrah deyil.
Azərbaycanda rezidentura proqramı 2011-ci ildən tətbiq olunmağa başlayıb, plastik cərrahiyyə ixtisası isə ondan sonra yaranıb. Həmin dövrə qədər plastik əməliyyat edənlər var idi, amma onlar plastik cərrahiyyə diplomuna sahib deyildilər.
- Yəni o dövrə qədər bu, normal hal idi?
- Həmin həkimlər ümumi cərrahiyyə və ya başqa cərrahiyyə sahələrini bitirən həkimlər idilər. 2011-ci ildən etibarən rezidentlərimiz hazırlanmağa başladı.
Dünya standartlarında plastik cərrah olmaq istəyənlər 5 illik ixtisas təhsili alırlar. Azərbaycanda bu sahə ilə məşğul olan mütəxəssisləri dəqiq ayırd etmək üçün Xüsusi Təftiş Komissiyası yaradıldı. Yoxlamalar başlandı və tam dəqiq siyahı açıq elan edildi. Araşdırmanı sadəcə Səhiyyə Nazirliyi aparmayıb, burada Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin də əməyi var.
- Siyahının tərtib edilməsinə qədər gedən prosesi necə şərh edərsiniz?
- Proses zamanı Səhiyyə Nazirliyi plastik cərrahiyyə ilə məşğul olanların sənədlərini təqdim etmələri üçün vaxt təyin etmişdi. Təftiş Komissiyasına bitirdiyin universitetin diplomu, qiymət transkripti, ixtisas üzrə 5 illik mütəxəssis təhsili, xaricdə aldığın təhsilin burada ekvivalenti olan ixtisas şəhadətnaməsi və digər sənədlər təqdim olundu. Komissiya üzvləri tərəfindən bütün sənədlərə baxılıb, həmçinin xaricdə oxuduğun universitetdən cavab, oraya gediş-gəliş vaxtlarına qədər hər şey incələnib. Bir sözlə, mən də daxil olmaqla hər kəs yoxlanılıb.
Elə təhsil ocaqları var ki, orada plastik cərrahiyyənin ixtisas müddəti 5 il deyil, 2 ildir. Komissiya bütün detalları incələyib və bunların əsasında əsl ixtisas sahiblərinin müəyyənləşdirərək siyahı dərc etdi. Eyni zamanda, Elm və Təhsil Nazirliyi dövlət və şəxsi yolla təhsil almağa gedənlərin hamısını araşdırıldı. Məsələn, mən universitetin dövlət xətti ilə göndərdiyi 10 nəfərdən biriyəm. Demək istədiyim odur ki, hər bir məsələ araşdırılıb.
- Tanınmış həkim Dilqəm Məhərrəmovun siyahıda adının olmaması birmənalı qarşılanmadı. Sizcə onun adı niyə siyahıda yoxdur?
- Ümumiyyətlə, güman edirəm ki, siyahıda adı olmayanların bəzilərinin bütün sənədləri toplanmayıb. Bir çox tanınmış həkimlərin adı siyahıda yoxdur. Ola bilsin, sənədlərində əskiklik var. Yəqin bəzilərinin sənədləri hazırlanır. Bilirsiniz, elə xarici universitetlər var ki, cavabı tez, eləsi var gec göndərir. Buna görə də sənədlər tam olmur.
Onlar əskikliklərini tamamlamaq üçün yandal kurslarına gedə bilərlər. Təhsili buradakı rezidentura təhsilinə uyğun olmayanlar üçün gələcəkdə hər hansı yandallar və ya yeni qərarlar ola bilər.
- Deyilənə görə, siyahı yenilənəcək. Sizcə, başqa kimlərin adı əlavə edilə bilər və ya kimin adının olmasını istərdiniz?
- Bilmirəm. Siyahı yeniləndikdə hansı həkimlərin adlarının əlavə ediləcəyini dəqiq deyə bilmərəm, çünki onların sənədləri ilə bağlı məlumatım yoxdur.
- Nazirliyin plastik cərrah siyahısında sədri olduğunuz assosiasiyanın üzvlərindən hamısının adı varmı? Kimlərin adını çəkə bilərsiniz?
- Assosiasiya üzvlüyündə plastik cərrahiyyə mütəxəssisi olanlar da, olmayanlar da var. Siyahıda assossiasiya üzvlərindən kimlərin adının olduğunu dəqiq deyə bilməyəcəm. Bunun üçün siyahıya tam baxmaq lazımdır. Adları olmayanları da təkmilləşdirəcəyik.
Bilirsiniz, Plastik Cərrahiyyə Assosiasiyasının üzvləri bu işlə məşğul ola bilərlər, amma bu onların hamısının plastik cərrahiyyə mütəxəssisi olduğu anlamına gəlmir. Onların plastik cərrah mütəxəssisi olduğunu Səhiyyə Nazirliyi müəyyən edir. Digər cəmiyyətlərdə də belədir. Yenə deyirəm buna görə də nazirlik tərəfindən fəaliyyətinə icazə verilən həkimlərin siyahı ilə razılaşıram.
- Bəs sizin təşkilata üzvlər necə və hansı əsaslarla təyin edilir?
- İstənilən həkim assosiasiyasının konfranslarında iştirak edə bilər, amma üzvü ola bilməz. Assosiasiyaya üzv təyin edəndə müəyyən meyarlara baxılır. Sahə üzrə plastik cərrahiyyə mütəxəssisi olanlar, tanınmış həkimlər, tanınmış klinikalarda işləyənlər, sənədləri tam olanlar bizə üzv ola bilirlər.