AZ

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarını rəsmiləşdirdi

BAKI, 29 aprel. TELEQRAF

Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasına dair qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, qanun layihəsi parlament saytında canlı yayımlanan səsvermə zamanı deputatların üçdə ikisindən çoxunun dəstəyini qazanıb.

Qanunu təqdim edən xarici işlər naziri Peter Siyarto bildirib ki, son illər BCM güclü şəkildə siyasiləşib və bir sıra dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz maraqları üçün alətə çevrilib.

“Macarıstan hesab edir ki, beynəlxalq təşkilatlarda siyasətə və geosiyasətə yer yoxdur”, - nazir vurğulayıb.

Macarıstan hökuməti BCM-dən çıxmaq qərarını aprel ayının əvvəlində elan etmişdi. Bu qərar, İsrailin Baş naziri Benyamin Netanyahunun Budapeştə səfəri ilə üst-üstə düşmüşdü.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu barəsində həbs orderi vermişdi. Onun Fələstin ərazisində hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunduğu bildirilmişdi.

Macarıstanın Baş naziri Viktor Orban isə bu qərarı absurd və utancverici adlandırmışdı.

Seçilən
1
teleqraf.com

1Mənbələr