“Bütün dünyada ürək-damar xəstəliklərindən ölüm hallarının artdığı müşahidə olunur. Tibbin imkanlarını nə qədər artırsaq da, bu mübarizədə istənilən uğuru əldə edə bilmərik. Ölkəmizdə bəs qədər tibbdə, xüsusilə də ürək-damar xəstəlikləri sahəsində təkcə Bakıda deyil, bölgələrimizdə artıq ciddi işlər görürülür, bəs qədər insan resursu var. Angioqrafiya, labaratoriyalar qurulur, açıq ürək əməliyyatları periferiyada artıq geniş formada istifadə edilir. Amma bunların heç biri bizə sadaladığım problemlərdə kömək etməyəcək. Buna kömək etməyin bir yolu var. Aktiv şəkildə maarifləndirmə və insanların sağlam həyat tərzinə birmənalı olaraq təşviq edilməsi üçün real işlər görülməlidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.
O daha sonra əlavə edib:
“İnsan oğlunun, əcdadlarımızın istifadə etdiyi qidaların təbii olması hamımıza məlumdur. Bu gün ən böyük problem sadəcə qidanın miqdarında deyil, həm də onun tərkibindədir. Bu gün süni müdaxilələr nəticəsində keyfiyyətdə ciddi azalmalar və insan genetik kodunun tanımadığı qidalarla üzləşməsi böyük problemlər yaradır. Ümumilikdə baxdığımız zaman miqdarı nəzarət altında saxlamaqla təbii qidaların istifadəsinin zərəri sübuta yetirilmir. Təbii qidalardan istifadəyə üstünlük verməliyik” deyə Rəşad Mahmudov bildirib.