“Son zamanlar yeniyetmələrin evdən qaçması halları çoxalıb. Əslində, bu hadisələrin səbəbi ənənəvi uşaq tərbiyə metodlarının yeniliklə əvəzlənməsi və cəmiyyətdə bir çox insanların köhnə qaydalara əsaslanaraq uşaqları idarə etməyə çalışmasıdır. Əvvəllər uşaq daha itaətkar, daha sözə baxan və valideyndən qorxu hissi keçirən bir mövqedə idi. Cəmiyyət, ətraf mühit və valideynlər də bu şəkildə idarə olunurdu. Uşaqlar isə qəbul edilən qaydalara riayət etməli və bu qaydaları qəbul etməli idilər. Lakin bu yanaşma artıq köhnəlmişdir”
Bu sözləri Moderator.az-a açıqlamasında “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, hazırkı dövrə uyğun olaraq, uşaqların hüquqları ilə bağlı bir çox qanun dəyişiklikləri həyata keçirilib:
“Məsələn, cənab Prezidentin 10 illik uşaq strategiyasının həyata keçirilməsindən sonra, Uşaq Qaynar Xətti, uşaqlarla bağlı məlumatlandırma işləri, məktəblərdə uşaq hüquqları ilə bağlı təlimlər və müəllimlər üçün yeni qaydalar tətbiq edilməyə başlanıb. Bu dəyişikliklər həm də valideynlərin məsuliyyət və öhdəliklərini daha da artırır. Ancaq bu dəyişikliklər bəzən ciddi qarşıdurmalara səbəb olur. Köhnə qaydalarla yeni qanunların ziddiyyəti uşaqların davranışlarına təsir edir. Onlar daha çox sosial şəbəkələrdən bu məlumatları əldə edirlər. Həmçinin, televiziyalarda uşaqların şou proqramlarda iştirak etməsi, zorakılıq və digər mövzuların müzakirə edilməsi onların düşüncələrini formalaşdırır və bu, əlbəttə ki, təsirsiz ötüşmür. Əlbəttə, burada yalnız uşaqlar günahkar deyil. Bəzi hallarda valideynlər də məsuliyyət daşıyır. İçki və narkotik asılılığı, zorakılığa meylli valideynlərin uşaqlarını dinləməməsi və onları anlamağa çalışmaması ciddi problemlərə yol açır. Bu vəziyyətlərdə, uşaqların yaşadığı ətraf mühit onların davranışlarına mənfi təsir edir və bu, onlar üçün daha çox zorakılığa və ya asılılığa səbəb ola bilər. Amma qeyd etdiyim kimi, bu vəziyyət hər halda bütün valideynləri günahkar etmir”.
Həmsöhbətimiz bəzi valideynlərin özlərinin uşaq idarə etmə üsullarında və uşaqlar ilə ünsiyyət qurma bacarıqlarında çatışmazlıqlar yaşadığına diqqət çəkib. O vurğulayıb ki, uşaqların ehtiyaclarını qiymətləndirmək və onlarla düzgün ünsiyyət qurmaqda çətinlik çəkirlər:
“Bunun nəticəsində bəzi valideynlər uşaqları cəzalandırmağa, onlardan bir şeyləri məhrum etməyə meyllidirlər. Bəzi hallarda isə uşaqlar özləri, digər uşaqların təcrübələrini görərək, onlardan tələblər qoymağa başlayırlar. Müxtəlif sosial təbəqələrdən olan uşaqlar bir-birinə baxaraq, öz istəklərini daha sərt şəkildə irəli sürürlər və bu da ailədə valideyn-uşaq arasında ünsiyyətin kəskinləşməsinə səbəb olur. Əgər ailədə zorakılıq mövcuddursa, bu zaman uşaqlar valideynlərinə qarşı aqressiya göstərirlər. Uşaqlar belə şəraitdə başqa mühitlər axtarırlar. Bəzən, sosial şəbəkələrdə və ya televiziyalarda yayımlanan cazibədar paylaşımlar və proqramlar uşaqların özlərini həmin mühitlərlə əlaqələndirməsinə səbəb olur. Onlar belə mühitlərdə yaşamağı arzulayır və bu, radikal dəyişikliklərə gətirib çıxara bilər. Uşaqlar ailələrindən qaçdıqlarını düşündükləri kimi, bu mühitlərdə istədiklərini əldə edəcəklərini düşünürlər. Sosial şəbəkələrin əlbəttə ki, təsiri var, amma burada əsas sual, uşağın hansı sosial şəbəkə məlumatlarına baxması və kimlərlə dostluq etməsidir. Biz bəzən bütün sosial şəbəkələri ittiham edirik, amma əslində vacib olan odur ki, uşaq nəyə baxır, hansı məlumatları əldə edir və sosial şəbəkələrdə kimlər onun ətrafındadır? Həmin ətraf, uşağa hansı dəyərləri təbliğ edir və onlara necə təsir edir? Bax, bu da mühüm məsələlərdən biridir”.
M. Zeynalova hesab edir ki, uşaqlar üçün mərkəzlərin yaradılması, qadınlar üçün xüsusi təşəbbüslər, bərabər imkanların təmin edilməsi, uşaqların potensialının düzgün qiymətləndirilməsi vacibdir:
“Eyni zamanda, valideynlər üçün də xüsusi təlimlərə ehtiyac var. Biz uşaqların hüquqlarından danışırıq, onların imkanlarını qeyd edirik və etiraf edirik ki, hazırda uşaqlar üçün bir sıra tədbirlər mövcuddur. Lakin valideynlər üçün tədbirlər hələ də çox azdır və düşünürəm ki, artıq valideynlərin bilik və bacarıqlarını artırmaq vacibdir. Əvvəlki idarəçilik üsulları ilə uşaqların ünsiyyəti artıq əlverişli deyil. Valideynlər kifayət qədər məlumatlı olmalıdır və bu məsələlərdə, xüsusilə sosial şəbəkələrlə bağlı mövzularda, müzakirə bacarıqları olmalıdır. Hər hansı verilişdə müəyyən bir mövzu haqqında müzakirə apararkən, valideynin öz arqumentləri olmalı və bunları izah etmək qabiliyyəti olmalıdır. Bəzi hallarda isə valideynlər ünsiyyət bacarıqlarının olmaması və müzakirələrə hazır olmamaları səbəbindən uşaqlarına qarşı daha sərt yanaşır, onlara cəzalar verir və susdurmağa üstünlük verirlər. Bəzən isə analar və qadınlar da döyülərək susdurulurlar. Bu səbəbdən, əgər ailədə zorakılıq varsa, qarşılıqlı sevgi yoxdursa və ya sevgi ilə yanaşma ilə bağlı problemlər mövcuddursa, təbii ki, uşaqlar başqa mühitlərə yönələcəklər. Yeniyetmələr adətən, parıltıya qaçaraq daha cazibədar həyat tərzi axtarırlar və bəzən macəra axtarışı ilə evdən uzaqlaşırlar.
Bəzi uşaqlar evdən qaçarkən özünü təsdiq etmək istəyirlər. Bəzi uşaqlar zorakılıqdan qaçaraq daha təhlükəsiz bir mühit axtarırlar. Digərləri isə müstəqil yaşamaq arzusu ilə evdən uzaqlaşırlar. Evdən qaçmağın səbəbləri çox müxtəlifdir. Bəziləri macəra axtarır, bəziləri riskli həyat tərzini sevir, bəziləri isə özünü təsdiq etmək və ya qisas almaq istəyirlər. Bu səbəblər valideynlərlə münasibətlərin gərginliyi və uşaqların ehtiyaclarının nəzərə alınmaması ilə sıx əlaqəlidir”.
Mehin Mehmanqızı