AZ

Rezidenturaya qəbul yerləri ali tibb təhsili üzrə məzunların sayına uyğunlaşdırılacaq

Bakı, 29 aprel, AZƏRTAC

Rezidenturaya qəbul yerlərinin sayının ali tibb təhsili üzrə məzun olan şəxslərin sayına uyğunlaşdırılması istiqamətində işlər aparılır. Bu prosesin həyata keçirilməsində mövcud klinik bazaların imkanları da nəzərə alınır. Bundan başqa, hazırda rezidentura proqramında ailə həkimi ixtisası mövcuddur və bu istiqamətdə kadr hazırlığı davam edir. Eyni zamanda, bölgələrdə ailə həkimi təminatının yaxşılaşdırılması məqsədilə konkret təkliflər hazırlanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşu çərçivəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova söyləyib.

Nazirlik rəsmisi, həmçinin vurğulayıb ki, tibb işçilərinin bölgələr üzrə qeyri-bərabər paylanması problemi mövcuddur və əsas tibbi kadrlar paytaxt Bakıda cəmləşib. Bu vəziyyətin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi tərəfindən bir sıra təkliflər hazırlanmaqdadır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə tibbi xidmətlərin regional əlçatanlığını artırmağa və səhiyyə sisteminin balanslı inkişafına yönəlib.

 

Seçilən
3
azertag.az

1Mənbələr