Bakı, 29 aprel, AZƏRTAC
D8 təşkilatı yoxsulluq, iqlim dəyişikliyinin təsirləri, rəqəmsal bərabərsizlik, ticarət balanssızlığı və digər qlobal çağırışlar daxil olmaqla, Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliklərə qarşı mübarizədə və onlara cavab verilməsində vahid cəbhə kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iqlim dəyişikliyi üzrə fəal Olumide Idovu “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində keçirilən “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı panel müzakirədə bildirib.
O qeyd edib ki, hazırda keçirilən tədbirlər və müzakirə olunan mövzular D8 əməkdaşlığının firavan gələcək naminə necə gücləndirilə biləcəyini göstərir. Nigeriyanın Afrikada ən çox əhalidən birinə sahib olduğunu xatırladan fəal vurğulayıb ki, ölkə iqtisadi inkişaf baxımından ciddi çağırışlarla üz-üzədir. Bu baxımdan D8 əməkdaşlığı üzv ölkələr arasında iqtisadi inteqrasiyanın və birgə inkişafın vacibliyini önə çıxarır.
Olumide Idovu əlavə edib ki, ortaq rifaha gətirib çıxaran əməkdaşlıq ticarət, investisiya və texnologiya mübadiləsinin təşviqi ilə müşayiət olunmalıdır. Eyni zamanda, o vurğulayıb ki, Qlobal Cənub QHT-ləri bu əməkdaşlıq çərçivəsində bilik və təcrübə mübadiləsini genişləndirməli, bir-birinin uğurlu təcrübələrindən faydalanmalı və innovasiyanı təşviq etməlidirlər.