Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev Rusiya Federasiyasının Ukrayna limanlarına iddia qaldıra biləcəyindən və münaqişənin həlli prosesində bu məsələnin gündəmə gəlib-gəlməyəcəyindən danışıb.
Publika.az xəbər verir ki, Patruşev bu barədə Rusiya mətbuatına danışıb. O, ölkənin xalqın iradəsinə hörmətlə yanaşdığını diqqətə çatdırıb.
“Bunu Krımın, Sevastopolun, Donbassın Rusiyanın tərkibinə daxil olması təcrübəsindən görmək olar”, - Patruşev xatırladıb.
O, həmçinin qeyd edib ki, Ukraynanın müxtəlif regionlarının sakinləri öz gələcəklərini müəyyən etmək hüququna malikdirlər və bu, odessalılara da aiddir. Prezidentin köməkçisinin sözlərinə görə, şəhər sakinlərinin böyük əksəriyyətinin Kiyevlə heç bir əlaqəsi yoxdur.
“Və çətin ki, onların taleyini neonasizmlə bağlasınlar. Onlar qeyri-legitim Kiyev hökumətinə tabe olmaq istəmirlər”, - Patruşev iddia edib.