Samir Hümbətov: Məhz Ermənistan bunu sülh sazişiini ləngidir
“Ermənistan-Azərbaycan sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağa hazırdır”.
Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcü həmkarı Mixeil Kavelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O, Ermənistanın Azərbaycanla sülhü bərqərar edəcəyinə ümidvar olduğunu vurğulayıb.
“Ermənistan Gürcüstanın bu məsələdə dəstəyini, sülh və firavanlığa yönəlmiş səylərini yüksək qiymətləndirir, üçtərəfli platforma yaratmaq təşəbbüsünü və çox mühüm məsələdə rolunu alqışlayırıq”, - V.Xaçaturyan əlavə edib.
Politoloq Samir Hümbətov Sherg.az-a deyib ki, Ermənistan Prezidentinin açıqlaması 2 mənada başa düşülə bilər:

"Birincisi, Xaçaturyanın Ermənistanın daxili siyasətindən xəbəri yoxdur. İkincisi, o hər şeyin fərqindədir, sadəcə Paşinyan kimi manipulyasiya etməyə çalışır. Biz 17 maddəlik sülh sazişini razılaşdırmışıq, lakin icrasını reallaşdıra bilmirik. Məhz Ermənistan bunu ləngidir. Sülhün imzalanması üçün ATƏT-in yalnız sənəddə mövcud olan Minsk qrupunun ləğvi vacibdir. Həmçinin prosesi əngəlləyən digər məsələ Avropa İttifaqının mülki missiya adı altında NATO hərbi missiyasını Ermənistan-Azərbaycan şərti səhəddində olmasıdır. Bütün bunlar həllini tapmadığı müddətdə biz sülhdən necə danışa bilərik? Tarixi təcrübə göstərir ki, Ermənistan imzaladığı sənədlərə sonradan yaxın düşmür. Yəni bir növ icrasını gecikdirir. Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir və bu istiqamətə bütün addımları atır. Lakin Ermənistan da bu mövzuda Bakı qədər maraqlıdırmı? Sülhün imzalanması üçün qarşılıqlı etimad formalaşdırılmalıdır. Bu mənada Azərbaycanın qoyduğu ön tələblər icra edilməlidir ki, prosesdə irəliləyiş olsun".