Bursada 75 yaşlı Həsən Akgül xəstəxanadan qayıdarkən mindiyi bələdiyyə avtobusunda həyat yoldaşını unudub və böyük panika yaşayıb.
Sherg.az xəbər verir ki, Osmangazi rayonunda yaşayan Həsən Akgül, 25 aprel günü şəkər və təzyiq xəstəsi olan həyat yoldaşı Saadət Akgülü müntəzəm müayinələr üçün Bursa şəhər xəstəxanasına aparıb.
Akgül cütlüyü özlərinə kömək etməsi üçün nəvələri Gürhan Akgülü də yanlarına alıb.

Müayinə bitdikdən sonra nəvələri ilə birlikdə evə qayıtmaq üçün bələdiyyə avtobusuna miniblər.
Dədə və nəvə Emek dayanacağında avtobusdan düşüb. Ancaq Saadət Akgül avtobusda olan sıxlıq səbəbindən qapıya çata bilməyib və içəridə qalıb.

Arxaya döndükdə həyat yoldaşının yanında olmadığını görən Həsən Akgül panikaya düşüb. Həmin anlar nəvəsi tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb.
Küçənin ortasında sağa-sola yeriyən Həsən Akgül ilə nəvəsi arasında baş verən dialoq da görüntülərdə yer alıb.
Gürhan Akgülün “Dədə, nənəm haradadır?” sualına Həsən Akgül belə cavab verib:
“Allaha xatir eləmə ya, düşüb? Of Allahım, dəli olacağam vallah, dəli olacağam! Gülmə, oğlum, gülmə!”
Gürhan Akgül “Zəng elə, düşsün” dedikdə isə Həsən Akgül başına vuraraq “Harada düşəcək, oğlum? Heç yerdə düşməz. Bu avtobus başqa yerə gedir axı!” deyə cavab verdi.
Növbəti dayanacaqda avtobusdan düşən Saadət Akgülün həyat yoldaşı ilə qovuşma anları da görüntülərə əks olunub.

Baş verənləri danışan Həsən Akgül deyib:
“Avtobus çox dolu idi. Xəstəxanaya gedərkən həm yoldaş, həm də kömək üçün nəvəmi də götürmüşdüm. Emek dayanacağına çatdıq, çox sıxlıq olduğuna görə düşdük. Həyat yoldaşım ortada qaldı. Çölə çıxa bilmədi. O anda avtobus hərəkətə keçdi.
Nəvəmə dedim "Avtobusda getdi", o isə gülürdü. O güldükcə mənim əsəblərim pozuldu. "Eləmə, etmə" deyərkən alnıma vurmuşam. "Oğlum, eləmə, etmə. Nənən sağını-solunu tanımır. Dayanacaqları bilmir, düşə bilməyəcək" dedim.”