AZ

Bahalı nömrə alanlar fərqlənmək istəyirlər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır. Satışa çıxarılan nömrələrin qiyməti 4000-36000 min manat arasında dəyişir.

Modern.az mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli ilə həmsöhbət olub.

Onun sözlərinə görə, burada qiymətlər “Azercell Telekom”un marketinq-satış komandasının qərarına əsasən müəyyənləşir:

“Burada nömrələrin maya dəyərində yaxud xərclərində hərhansı dəyişiklik yoxdur. Sadəcə şirkətin kooperativ nömrə satışı strategiyasına görə qiymətlər tənzimlənir. Nömrələr yəqin ki, rəqəmlərin ard-arda təkrarlanması, el dili ilə desək “zerkalni” olması səbəbilə bu qiymətə hərraca çıxarılır. Vətəndaşlar arasında buna tələbat var”.

İnsanlar istəyirlər ki, həmin nömrələr onlarda olsun:

“Bu hərrac ona görə də ədalətlidir ki, daha yüksək qiymət təyin edilsin. Vətəndaşın tələbatı var, hər kəs almaq istəyir. Vətəndaşın pulu çoxdur, ya psixoloji problemi, yaxud da digər mülahizələri var bilmirəm, amma bu nömrələri alacaqlar. Burada cəmiyyəti narahat edən heç bir məsələ yoxdur. Həmin nömrələr üçün heç bir əlavə xüsusi xidmətlər göstərilmir. Bu mobil nömrələrin ucuz yaxud pulsuz nömrələrdən heç bir fərqi yoxdur. Sadəcə vətəndaşlar cəmiyyət arasında mobil nömrənin nüfuzunu bilirlər və fərqlənmək istəyirlər. Başqa bir məsələ yoxdur. Burada anormal bir şey də yoxdur, bazar iqtisadiyyatıdır, kimin pulu varsa istədiyi kimi xərcləyə bilər. Şəxsin halal yolla qazanıb vergisini ödədiyi pulu necə xərcləyəcəyini heç kim təyin edə bilməz. Tələbat var deyə təşkilat da faydalanaraq pul qazanır. Burada nömrələrin nə əlavə üstünlüyü var, nə də qanun pozuntusu. Belə nömrələr insanları xoşbəxt edirsə nə demək olar?!”

Seçilən
0
modern.az

1Mənbələr