Pakistanla Hindistan arasında münasibətlər son günlərdə olduqca kəskinləşib. Buna səbəb Cammu və Kəşmirdə Pahalqam terror aktı olub. Hadisədən sonra hər iki ölkə bütün növ iqtisadi əlaqələri kəsib. Bununla yanaşı, sərhəddə iki ölkənin hərbçiləri arasında atışma halları yaşanıb. Sonuncu dəfə ötən gün atışma olub.
Bundan sonra proseslərin necə cərəyan edəcəyi, Azərbaycanın olaylara reaksiyasının necə olacağı maraq doğurur.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Pakistan Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Pakistanla Hindistan arasındakı qarşıdurma qlobal və regional olaraq mənfi haldır:
"Azərbaycan hər yerdə sülhün bərqərar olmasında maraqlıdır. Respublikamız müharibədən əziyyət çəkən ölkə kimi yeni münaqişələrin yaranmasını istəmir və bunu qətiyyətlə pisləyir. Pakistanla Hindistan arasında baş verən qarşıdurma dünyamız və bölgəmiz üçün yaxşı hal deyil. Bu münasibələrin kəskinləşməsi dünya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Arzu edirik ki, ən qısa vaxtda məsələ bitsin və tərəflər danışıqlar vasitəsilə anlaşılmazlıqları aradan qaldırsın. Düşünürəm ki, eskalasiya daha da genişlənməyəcək. Çünki hər iki dövlətin liderləri bunun tərəflərə yaxşı nəsə vəd etmidiyini bilir".
C.Məmmədov Azərbaycanın reaksiyasından da danışıb:
"Ölkəmiz bütün dünya dövlətləri ilə münasibətlərin inkişafında maraqlıdır. Amma Pakistanla bizim xüsusi münasibətlərimiz var. Bu münasibət hansısa başqa dövlətin, xüsusilə də Hindistanın əleyhinə yönəlməyib. Təəssüf ki, bəzən bunu Hindistanın belə qəbul etdiyini görürük. Azərbaycan hər zaman Pakistan xalqının yanında olub və həmişə onun haqq işini qəbul edib, yanında da olacaq. Bu, Azərbaycanın vəfa borcu, öz üzərinə götürdüyü missiyadır. Çünki biz hər zaman qardaşlarımızın yanında olmağa çalışırıq".