AZ

Kavelaşvili: Cənubi Qafqazda regional dialoqa töhfə verməyə hazırıq

TBİLİSİ, 29 aprel. TELEQRAF

“Gürcüstan Cənubi Qafqazda regional dialoq və əməkdaşlığa töhfə verməyə hazırdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə deyib.

O bildirib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır. M.Kavelaşvili bunu Cənubi Qafqaz regionunda davamlı sülh və sabitlik yolunda tarixi addım adlandırıb.

Prezident bu yaxınlarda Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlikləri arasında üçtərəfli görüşün keçirildiyini qeyd edib, regionun rifahı naminə bu formatda əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvarlığını bildirib.

Görüşdə Gürcüstanla Ermənistan arasında strateji tərəfdaşlığın müxtəlif sahələri, o cümlədən ticari-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər regiondakı çağırışları da nəzərdən keçiriblər, Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə toxunublar.

Seçilən
0
teleqraf.com

1Mənbələr