Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinləri ilə icarə müqavilələri imzalanıb.
Teleqraf xəbər verir ki, Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.
Qeyd edək ki, Ağalı kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart - 31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə aparılıb. Ümumilikdə Ağalı kənd sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 74 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib.
Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Ağalı kəndində qeydiyyatda olmadığına görə 5 şəxsin, təkrar müraciətə görə 1 şəxsin müraciətinə imtina verilib. Təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılıb. Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər tərəfindən 3 kooperativ formalaşdırılıb. Bununla da işğaldan azad olunmuş ərazilərdə ilk kooperativlər fəaliyyətə başlamış olub. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlərdə birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Müraciətləri təsdiqlənmiş digər kənd sakinləri ilə icarə müqaviləsinin bağlanması və icarəyə verilən ərazilərin sakinlərə yerində tanıdılması prosesi may ayının 31-dək davam edəcək.