AZ

Sabirabadda dəhşətli hadisə: gecə atasını döyüb öldürdü, dəlixanaya göndərildi

Sabirabad rayonunda 1983-cü il təvəllüdlü Xəyyam Səmədov 1953-cü il təvəllüdlü atası Mirtahir Səmədovu qətlə yetirib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Xəyyam “şizofreniya paranoid” ruhi-əsəb xəstəliyindən və narkomaniyadan əziyyət çəkirmiş. Eyni zamanda müntəzəm narkotik qəbul etdiyindən atası Mirtahir Səmədovla tez-tez münaqişə edirmiş.

Sonuncu dəfə ötən il fevralın 23-də gecə saat 1-2 radələrində evdə spirtli içki içərkən yenidən atası ilə aralarında mübahisə baş verib. Əlinə götürdüyü şüşə butulka ilə, eləcə də yumruq və təpiklə atasının baş, qarın və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Mirtahir aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi xəstəxanasında ölüb.

Hadisəni törədən Xəyyamın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Xəyyam ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, hadisə günü Bakı şəhərində olub: “Bakıdan gəldikdən sonra həyətə daxil olanda atamın yıxıldığını dedilər. Bir gün sonra o, dünyasını dəyişdi. Atamın üzündə hadisədən 2-3 gün əvvəl solğunluq vardı. Hadisə günü Bakı şəhərində olduğumu sübut edən dəlillər var. Mən atamı öldürməmişəm, psixoloji problemlərim yoxdur, özümü yaxşı hiss edirəm. Mən NATO beynəlxalq təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almaq üçün Bakı şəhərinə getmişəm. Tədbirə gedən adamlardan biri olduğum üçün məni şərləyiblər”.

Təqsirləndirilən şəxs deyib ki, Bakı şəhərinə Xalid adlı dostunun yanına gedibmiş: “Bakıda bir gecə qalıb qayıtdım. Mən atamı, atam da məni çox istəyib. Mən Bakı şəhərinə gedəndə atam sağıydı. Bakıda otelə getmişdim, otelin sahibi olmadığından divanda uzandım. Evdəki viskini mən içmişəm. Mən viskini içəndə atam sağ idi. Biz eyni evdə, ayrı otaqlarda yaşayırdıq”.

Seçilən
0
7
publika.az

8Mənbələr