Argentina ölkəyə qaçan nasistlər, xüsusilə Menqele, Eyxmann, Kuçman, Paveliç və başqaları haqqında 1800-dən çox sənədi dərc edib. Arxivdə rəsmi versiyaya görə, Almaniyada vəfat edən Bormanın da adı çəkilir.
Herbiand.az bildirir ki, Argentina hökuməti öz saytında İkinci Dünya Müharibəsindən sonra ölkəyə qaçan nasistlərlə bağlı məxfiliyi ləğv edilmiş arxiv sənədlərini dərc edib.
Yazıda qeyd edildiyi kimi, arxivdə 1950-1980-ci illər arasında Federal Polisin Xarici Əlaqələr İdarəsi, Dövlət Kəşfiyyat Katibliyi və Milli Jandarma tərəfindən aparılan araşdırmaların nəticəsi olan 1850-dən çox sənəd var.
Bunlar Argentinanın Simon Vizental Mərkəzinə təhvil verdiyi sənədlərdir. Onların dərcindən sonra ABŞ senatorları İsveçrənin Credit Suisse bankında nasistlər və ya onlarla əlaqəli şəxslər üçün hesablara xidmət göstərdiyinə görə təhqiqata başlayıblar. Vizental Mərkəzinin hesablamalarına görə, Argentinada təxminən 10.000 nasist gizlənib.
Nəşr edilən sənədlərdə İsrail kəşfiyyatının əməliyyatı nəticəsində Argentinadan çıxarılaraq edam edilən “Holokostun memarı” Adolf Eyxmann da var.
Arxivlərdə “Osvensimdən gələn ölüm mələyi” Yozef Menqele, SS zabitləri Erix Pribke və Klaus Barbi (“Lion qəssabı”), həmçinin xorvat milli hərəkatının lideri Ante Paveliçin də adı çəkilir.
Arxivdə Argentinaya qaçan və adını Pedro Rikardo Olmo olaraq dəyişdirən Qestaponun əməkdaşı Valter Kuçman haqqında sənədlər var. Onu 1975-ci ildə tapıblar, lakin həmin vaxt həbsdən və ekstradisiyadan yayınmağı bacarıb. Buna baxmayaraq, 1986-cı ildə İnterpol agentləri tərəfindən həbs olunub. Lakin Buenos-Ayresdəki xəstəxanada ürək tutmasından vəfat edib.
Arxivlərdə adı çəkilən şəxslərin bəziləri uzun illər Argentinada yaşayıb və orada dünyalarını dəyişiblər. Digərləri, məsələn, Pribke ekstradisiya edilib və müharibə dövründə törətdiyi cinayətlərə görə məhkum edilib. Ancaq Argentinadan başqa ölkələrə qaçanlar da olub.
Bəxtiyar CƏFƏRLİ