BAKI, 29 aprel. TELEQRAF
Hazırda bütün diqqət ABŞ-İsrail və İran arasında davam edən gərginliyə yönəlsə də, böyük müharibəyə səbəb ola biləcək daha iki potensial münaqişə ocağı var.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “The National Interest” nəşri yazır.
Müəllifi hərb analitik Brendon Vekert olan məqalədə deyilir ki, Hindistan və Pakistan arasında artan rəqabət, ABŞ-Filippin və Çin arasında Cənubi Çin dənizində mümkün qarşıdurma iki əlavə təhlükə mənbəyini göstərir. Pekin hər iki halda görünməmiş səviyyədə müdaxilə edir.
Kəşmirin Pahalqam şəhərində 26 hindistanlı mülki şəxsin ölümü ilə nəticələnən terror aktından sonra Dehli baş verənlərə görə İslamabadı günahlandırıb. İslamabad Hindistanın ittihamlarını “məntiqsiz və əks-məhsuldar” adlandıraraq, Pakistan və silahlı qüvvələrinin ölkənin suverenliyi, birliyi və ərazi bütövlüyünü müdafiə etməyə hazır olduğunu bəyan edib.
Vekert xəbərdarlıq edir ki, Hindistanın son olaylardan sonra İslamabadla 40 ildən artıqdır davam edən su müqaviləsini ləğv etməsi, xüsusən Pakistan və Çin arasında təsiredici ittifaqı nəzərə aldıqda, təhlükəli eskalasiyaya qapı açır.
Analitikin fikrincə, Çin müqavilənin dayandırılmasına cavab olaraq, Qalvan çayı kimi nəzarəti altında olan bəzi çayların axınını kəsərək Hindistanı təhdid edə bilər: “Təsadüfi deyil ki, 2020-ci ildə Hindistan və Çin arasında baş verən sərhəd toqquşmaları məhz Tibetdə sulara nəzarətlə bağlı olub”.
Vekert iddia edir ki, terror, su müharibələri və sərhəd toqquşmaları nüvə silahına malik Hindistan və Pakistan arasında tammiqyaslı müharibə riski yaradır, Çin isə üstünlük əldə etmək üçün qeyri-sabitlikdən istifadə edə bilər.
Filippin və Tayvan arasındakı Luzon boğazı Asiyanın digər tərəfində yeni bir gərginlik meydanını təmsil edir. ABŞ Dəniz Piyadaları Korpusu Çinin Filippin kimi qonşuları təhdid etməsinin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edən boğazı izləmək üçün bölgədə yeni “Nemesis” raket platformasını yerləşdirir.
Vekert bildirir ki, münaqişə baş verərsə, ABŞ Çinin boğaza nəzarət cəhdlərinin qarşısını “Nemesis”lə almaq istəyəcək. ABŞ-nin “Nemesis” platformasından əlavə Sakit okeanda bir təyyarədaşıyan gəmisi (“USS Nimitz”) də var.
Vekert hesab edir ki, Ukraynadakı müharibə supergücləri birbaşa qarşıdurmaya sürükləyir, İran böhranı və Hind yarımadasında artan gərginlik isə bu təhlükəni artırır:
“Bu münaqişələr Birləşmiş Ştatların gücünü tükəndirdi və onu həyati əhəmiyyətli Hind-Sakit okean regionundan yayındırdı. Bu yayındırma təsadüfi deyil, düşünülmüş Çin strateji planının bir hissəsidir. Pekin bütün dünyada geosiyasi ocaqları alovlandırmaqla və ya körükləməklə ABŞ-nin böyük qarşıdurmalar zamanı gələndə balanssız qalmasını təmin edib”.