Ötən gün Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Güney Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” şeirindən bir neçə bənd səsləndirib.
Məsud Pezeşkian həmin şeiri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. İran Prezidentinin bu jesti salona toplaşan forum iştirakçılarının alqışı ilə qarşılanıb.
Pezeçkianın Azərbaycan dilində şeir söyləməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, İran Prezidenti Bakıda da Şəhriyarın şeirini deməklə, çox güman Azərbaycan cəmiyyətinin könlünü almaq istəyir:
“Pezeşkian danışıqlarda fars dilində çıxış edib, dövlət dili olduğu üçün bunu anlayışla qarşılamalıyıq. Azərbaycan dilində danışsaydı, həm mühafizəkarlar ona qarşı təzyiq edərdi, həm də yanındakı qeyri-azərbaycanlı nazirlər tərəfindən doğru başa düşülməzdi. Amma həm eyvanda İlham Əliyevlə bir neçə dəqiqə Azərbaycan dilində danışmaqla və sonra toplantıda Şəhriyarın şeirindən bir bənd söyləməklə yəqin demək istədi ki, o da Azərbaycan dilinə, Azərbaycanla əməkdaşlığa önəm verir”.
Siyasi şərhçi vurğulayıb ki, Pezeşkian İranda qərar vermək səlahiyyətinə malik deyil:
“Pezeşkiana da təbii ki, Azərbaycanda müyyən müsbət baxış var. Problem ondadır ki, Pezeşkian İranda qərar vermə səlahiyyətinə malik deyil. İranda başqa mərkəzlər var. Əsas odur ki, həmin mərkəzlər də Pezeşkian kimi Azərbaycanla münasibətlərə önəm versinlər. Əks halda iki dövlət arasında münasibətləri inkişaf etdirmək asan olmayacaq”.