BAKI, 29 aprel. TELEQRAF
İran-Azərbaycan münasibətləri son illər bir sıra gərginliklərlə yadda qalıb. İki ölkə arasında diplomatik əlaqələrdə soyuqluq yaranmasının əsas səbəbi kimi, İranın Azərbaycana qarşı qeyri-dost yanaşması göstərilir. Bu vəziyyət təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni və humanitar əlaqələrə də mənfi təsir etmişdi.
Bu sözləri Teleqraf-a Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O hesab edir ki, bu gün Azərbaycan-İran münasibətləri yeni bir mərhələyə qədəm qoyub: “İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri münasibətlərdə yeni bir səhifənin açılacağından xəbər verir. Pezeşkianın geniş nümayəndə heyəti, xüsusilə böyük biznesmenlərin müşayiəti ilə Azərbaycana gəlməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn ciddi niyyətin göstəricisidir. Səfər, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində konkret addımların atılacağı ehtimalını gücləndirir”.
Deputat səfərin iqtisadi sferada deyil, mədəniyyət və təhsil sahələrində də yenidən yaxınlaşmanın başlanğıcı kimi dəyərləndirildiyini söyləyib: “İki xalq arasında tarixi, dini və mədəni bağların dərin kökləri var və bu potensial indiyə qədər tam istifadə olunmayıb. Pezeşkianın siyasətində milli azlıqlara daha mülayim yanaşmanın olması gözləntisi, İranın Azərbaycanla mədəni və humanitar əməkdaşlıqda da daha konstruktiv xətt izləyəcəyini düşünməyə əsas verir. Bu mənada Məsud Pezeşkianın Bakı səfəri İran-Azərbaycan münasibətlərində “yumşalma” dövrünün başlanğıcı hesab edilə bilər. Sözsüz ki, iki ölkə arasında imzalanan sənədlər əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bu eyni zamanda münasibətlərin möhkəmlənəcəyini və yeni mərhələyə daxil olacağına əminlik yaradır. Əgər bu səfər real nəticələrlə müşayiət olunsa, iki ölkə arasında uzun müddətdir yığılıb qalan problemlərin həlli istiqamətində mühüm bir mərhələ yaşanacaq. Həm siyasi dialoqun canlanması, həm də iqtisadi və mədəni inteqrasiyanın artması regionda sabitliyə və rifaha müsbət təsir göstərə bilər”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da hesab edir ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri olduqca önəmli idi.
Onun fikrincə, türk kökənli Məsud Pezeşkianın görkəmli şair Məmmədhüseyn Şəhriyar, Azərbaycan ruhu ilə böyüməsi onun İran prezidenti kimi həyata keçirdiyi siyasətə də təsir göstərir. Onun İranda Azərbaycan bölgəsində insanlarla görüşündə də bunu açıq görmək olur. Tehrandakı görüşlərində Pezeşkian vurğulayır ki, Azərbaycan və İran bir bütövün parçalarıdır. Yəni, Arazın o tayında da, bu tayında da Azərbaycan türkləri yaşayır. Onları ən azından mənəvi cəhətdən bir-birindən ayırmaq olmaz”.
Partiya sədri Pezeşkianın ziyalı, həkim kimi Azərbaycanla hansısa bağların olduğunu yaxşı bildiyini söyləyib: “İndiki həssas qlobal münasibətlərin yaşandığı bir dövrdə iki qonşu dövlətin yəni, Azərbaycanla İranın sıx əməkdaşlıq qurması daha məqbuldur. Dünyada savaşların adi hala çevrildiyi, insanların həyatlarının böyük təhlükələr qarşısında qaldığı şəraitdə Azərbaycanla İranın normal münasibətlərə üstünlük verməsi alqışa layiqdir. İki ölkə arasında olan bütün narazılıqları dialoq yolu ilə aradan qaldırmaq istəyi bu mənada son dərəcədə vacibdir”.
Sabiq Rüstəmxanlı Azərbaycanın bütün qonşuları ilə normal münasibətlərə üstünlük verdiyini bildirib: “Ermənistan buna nə qədər mane olmağa çalışsa da reallığı dəyişmək çətindir. Bu mənada İran Prezidentinin Azərbaycana səfərinin nəticələri münasibətlərə müsbət təsir göstərəcək. İqtisadi, siyasi, mənəvi, diplomatik baxımdan bu səfərin effektiv nəticələri hər iki tərəf üçün faydalı olacaq”.