AZ

Azərbaycan regionda ən az xarici borcu olan ölkədir

Media Təhlil Mərkəzinin (MTM) Maliyyə Nazirliyinin rəsmi internet ünvanından əldə etdiyi məlumatlar əsasında apardığı təhlilə görə, 1 aprel 2025-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 5,07 milyard dollar təşkil edib. Bu, son 10 ilin ən aşağı göstəricisidir.

Xatırladaq ki, 1 yanvar 2025-ci il tarixinə xarici dövlət borcu 5,16 milyard dollar təşkil edirdi. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% və ya 1,3 milyard dollar az deməkdir.

Qeyd edək ki, 2020-ci ildən günümüzədək Azərbaycanın xarici dövlət borcu hər il sürətlə azalıb. Azərbaycan 2020-ci ildə işğal altında olan ərazilərini azad edib, ötən müddət ərzində bərpa və yenidənqurma işlərinə milyardlarla dollar sərmayə qoymasına baxmayaraq, bu illər ərzində həm də xarici dövlət borcunun davamlı şəkildə azalmasına müvəffəq olub. Bu da o deməkdir ki, ölkəmiz güclü maliyyə intizamı, iqtisadi dayanıqlılıq və effektiv borc idarəçiliyi nümayiş etdirir. Bu amillər Azərbaycanın həm daxili maliyyə imkanlarına arxalanaraq böyük layihələr həyata keçirdiyini, həm də xarici borcdan asılılığını minimuma endirdiyini göstərir.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixi ilə müqayisədə 1 aprel 2025-ci ilədək Azərbaycanın xarici dövlət borcu 44,2% və ya 4,02 milyard dollar azalıb.

Ümumi Daxili Məhsul (ÜDM) ölkənin bir ildə istehsal etdiyi bütün mal və xidmətlərin dəyərini ifadə etdiyindən, borcun ÜDM-ə nisbəti iqtisadiyyatın bu borcu qarşılamaq imkanlarını göstərir. Azərbaycanda bu göstərici 1 aprel 2025-ci il tarixinə 6,6% təşkil edib ki, bu, son 10 ilin ən müsbət göstəricisidir. İlin əvvəlində bu göstərici 6,9% təşkil edib.

Qeyd edək ki, hər il yanvarın 1-nə olan faiz göstəricisi həmin tarixdən əvvəlki son bir ilin ÜDM həcminə əsasən hesablanır. Yalnız 1 aprel 2025-ci il tarixinə olan faiz göstəricisi 2025-ci il üçün proqnozlaşdırılan ÜDM həcminə əsasən hesablanıb.

Ona görə real rəqəmlərdə ifadədə 1 yanvar 2025-ci il tarixinə olan xarici dövlət borcu ÜDM həcminin 6,9%-ni təşkil edib. Bu göstərici 1 yanvar 2018-ci il tarixində ən yüksək həddə olub. Həmin il xarici dövlət borcu ÜDM həcminin 22,8%-ni təşkil edib və bu göstərici 2023-cü ildən etibarən kəskin formada azalmağa başlayıb.

Azərbaycan və Gürcüstan Respublikasının Maliyyə Nazirliyinin, Ermənistanın isə Dövlət Statistika Komitəsinin rəsmi internet ünvanlarından əldə olunan məlumatların müqayisəsi göstərir ki, Cənubi Qafqazda ən az xarici dövlət borcu olan ölkə məhz Azərbaycandır.

1 yanvar 2025-ci ilin tarixinə Azərbaycanın xarici dövlət borcu 5,16 milyard dollar, Ermənistanda 6,45 milyard dollar, Gürcüstanda isə 8,59 milyard dollar təşkil edib.

Məlumat üçün bildirək ki, son bir ildə hər üç ölkə xarici dövlət borcunu azaldıb və Azərbaycan bu göstərici üzrə də liderdir. Daha dəqiq desək, son bir ildə Ermənistan xarici dövlət borcunu 0,8% və ya 50 milyon dollar, Gürcüstan 3,6% və ya 320 milyon dollar, Azərbaycanın isə 20,1% və ya 1,3 milyard dollar azaldıb.

Xarici dövlət borcunun ÜDM-ə nisbəti baxımından da Cənubi Qafqazda ən müsbət göstərici Azərbaycana məxsusdur. Son bir ildə hər üç ölkədə bu faiz göstəricisi müəyyən qədər azalsa da, Ermənistan və Gürcüstanda borcun ÜDM-ə nisbəti hələ də yüksək olaraq qalır.

1 yanvar 2025-ci il tarixinə olan rəsmi statistikaya əsasən, Ermənistanda xarici dövlət borcu ÜDM-in 25%-nə, Gürcüstanda 25,4%-nə, Azərbaycanda isə 6,9%-nə bərabər olub.

Seçilən
0
heftelik.az

1Mənbələr