“O günlər açıq-aşkar azərbaycanlıların Osmanlı türklərinə olan minnətdarlıq duyğusu və sevgisi kimi ülvi hisslərindən sui-istifadə edilirdi...”
“Şayiə yayırdılar ki, guya Müsavat hökuməti devrilmiş, yerinə Türkiyə hökuməti qurulmuşdur...”
“Bakı XI Qırmızı Ordu “… tərəfindən işğal edildikdən iki gün sonra Türk komandanları rus yoldaşlarla əvəz edildi. Fəqət, iş bununla da qalmadı. Əmri yerinə yetirən nə qədər Osmanlı zabiti varsa, hamısını ya həbs və yaxud ölkə xarici etdilər...”
Tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizlə Moderator.az üçün budəfəki söhbətimizdə Moskvanın 70 ildən çox Azərbaycan xalqının beyninə guya bizə Şimaldan xoşbəxtlik, səadət gətirən bir “xalq inqilabı”nın baş verdiyi gün kimi yeritdiyi 28 aprel 1920-ci il tarixində əslində nələr baş verməsi, bolşevik Rusiyasının Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini hansı iyrənc, həyasız metod və taktikalarla işğal etməsi və s. haqda danışdıq.

(Əvvəli burada:)
-Boran bəy, Rusiyanın hazırkı “5-ci kalonu”na xidmət edən bəzi dırnaqarası “ekspert”lər də iddia edir ki, guya 27-28 aprel işğalını asanlaşdıran ən böyük amillərdən biri də 1920-ci ilin əvvəllərinədək Rəsulzadə başda olmaqla AXC hökuməti Azərbaycanın mümkün işğallardan, xüsusən də Rusiya tərəfindən müdafiəsi üçün gərəkli tədbirlər görməməsi səbəb olub. Ötən söhbətimizdə qeyd etdiniz ki, əksinə, Cümhuriyyət rəhbərliyi mövcud imkanlar daxilində bütün mümkün müdafiə tədbirlərini görüb. Bəs bunu təsdiqləyən tarixi faktlar sənədlər varmı?
-Məhz Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsərinin “Bolşevik istilası” adlanan hissəsindəki söylənən fikirlər Cümhuriyyət rəhbərlərinin guya istilanın qarşısını almaq üçün konkret addımlar atmaması barədəki mülahizələrin doğru olmadığını göstərir. Təəssüf ki, bir cox ümumiləşdirimiş əsərlərdə, o cümlədən yeddi cildlik Azərbaycan tarixinin beşinci cildində və orta və ali məktəb üçün Azərbaycan tarixi dərsliklərində Məhəmməd Əmin bəyin, onun silahdaşlarının rus istilasına yol verməmək üçün istifadə etdikləri hərbi-diplomatik vasitələrdən bir kəlmə də olsun bəhs edilməmişdir...
Məhəmməd Əmin bəyin fəslin başlanğıcındakı fikirlərindən aydın olur ki, Cümhuriyyətin rəhbərləri yaxınlaşan fəlakətə – Rusiya işğalına yol verməmək üçün mümkün olan bütün hərbi-diplomatik yolların hamısından istifadə etmişdilər. O, qeyd edir ki, həftələrlə davam edən hökumət böhranından çıxmaq məqsədilə Məhəmməd Həsən Hacınskiyə yeni hökumət qurmaq tapşırığı verilmişdi. Məhəmməd Həsən bəy yaranmış şəraiti nəzərə alaraq “… Türkiyə ilə işğalçı Rusiya arasında hər iki tərəfə dost bir hökumət təşkil edəcəkdi”.
Yeni hökumət formalaşmamışdan əvvəl bu məqsədi həyata keçirmək üçün o, bolşeviklərin yanına nümayəndə heyəti göndərmişdi. “Bu heyətə Rusiyanın möhtac olduğu iqtisadi məhsulları təmin etmək şərtilə bolşeviklərdən istiqlal və mülkiyyətin toxunulmazlığına siyasi təminat almaq üzrə” razılığa gəlmək barədə geniş səlahiyyətlər verilmişdi. Lakin bolşeviklər bu təkliflərin heç birini qəbul etməmişdi. Çünki onlar Azərbaycanı işğal etməyi qərara almışdılar. Bunu reallaşdırmaq üçün Qırmızı Ordu qoşunları aprelin 26-dan 27-nə keçən gecə dövlət sərhədlərimizi keçərək işğala başladı. “…bu hadisə aprelin 27-də səhər siyasi xadimlərə əyan olunca, hər kəs heyrət içərisində döyükmüş, çaşmış halda qalmışdı”...
AXC-nin ölkənin müdafiəsini təşkil etməsindən danışarkən onu xüsusi vurğulamaq gərəkdir ki, XI Qızıl ordu artıq şimal sərhədlərimizə toplandığı vaxt Azərbaycan ordusunun əksər hissələri Qarabağ və Qazax cəbhəsində ermənilərlə ağır döyüşlərdə idi. Odur ki, Rusiya ilə sərhəddə olan azsaylı əsgərlər” …60 min miqdarında (onu deyim ki, sonralar hücum edən bu rus qoşunun sayının 72 min olduğu müəyyən edildi), hücum edən düşmənə qarşı iki saata qədər müqavimət göstərdikdən sonra geri çəkilmək məcburiyyətində qalmışdılar”.
Aprelin 27-də axşam bolşevik ordusu Bakıya yaxınlaşdı. Hələ formalaşmamış hökumət və Parlament bir tərəfdən şəhərin mühafizəsinə cavabdeh olan türk zabitlərinin rəhbərlik etdiyi “Yardım alayı” və onlar tərəfindən idarə olunan zirehli avtomobillərin və dəniz donanmasında xidmət edən Osmanlı zabitlərindən bir qisminin bolşeviklərin tərəfinə keçməsi kimi xoşagəlməz bir halla qarşılaşmış, digər tərəfdən, Azərbaycan Kommunist Partiyasının hakimiyyətin təhvil verilməsi ultimatumu ilə üzləşməli olmuşdu...
Rəsulzadə başqa bir amilə – Bakıda olan türk nümayəndələrinin əhali içərisində Qırmızı Ordu barədə yaydıqları gerçəklikdən uzaq olan yalan məlumatların da vəziyyətin çıxılmaz olmasına təsir etdiyini obyektiv şəkildə göstərərək yazırdı: “Eyni zamanda Bakıda olan Osmanlı türklərindən bir qisim məsul adamlar ağzından şayiə olunurdu ki, “Gələn Qızıl ordu komandanı Nicati bəy adında bir türkdür…” Bir çox dəstələr dəxi Volqaboyu türklərindən ibarətdir. Bu ordu həyat-ölüm mübarizəsi içərisində olan Anadolunun köməyinə tələsir. Bu qüvvəyə qarşı göstəriləcək müqavimət Türkiyənin xilasını əngəl edəcək bir hərəkət ola bilər ki, böyük türklük və islamlıq nöqteyi-nəzərindən bir xəyanətdir”.
Təəssüf ki, açıq-aşkar azərbaycanlıların Osmanlı türklərinə olan minnətdarlıq duyğusu və sevgisi kimi ülvi hisslərindən sui-istifadə edilirdi. Bunun uzun müddət davam etməyəcəyinə, çox yaxın zamanda insanların bu yalanı başa düşəcəklərinə əmin olan Rəsulzadə yazırdı: “Bütün bu şərtlərin ertəsi günü olacağı şübhəsiz idi. Söylənən sözlərin hamısının aldatmaqdan başqa bir şey olmadığı aşkar idi”.
Belə bir şəraitdə 27 aprel 1920-ci il tarixdə Parlament hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etməyə məcbur oldu...

-Səhv etmirəmsə, Parlamentin 27 aprel 1920-ci il tarixli həmin qərarında bolşevik Rusiya ordusunun Azərbaycan ərazisindən keçərək Türkiyəyə yollanacağı rəsmən ifadə edilib?
-Bəli, elədir. Özü də Məhəmməd Əmin bəy bu qərarın təhdid və məlum təsirlərin nəticələrində məcburən verildiyini göstərərək, hakimiyyətə gələn kommunistlərin imzalarına sahib çıxmayacağına əminliyini ifadə etmişdi.
“Bununla birlikdə bütün bu şərtlərə əməl edilməyəcəyini haqq və istiqlalımızı tanımaq surətilə Anadolu imdadına gedəcək qüvvəyə yollarımızın açıq olduğunu, fəqət bizə sormadan sərhədlərimizi qoruyanları torpaqlara sərərək məmləkətimizə girən hər hansı bir qüvvəti dost deyil, düşmən kimi qarşılamaq lazım gəldiyini məclisin öz qərarı ilə deyil, yalnız düşmən süngüsü ilə haqqını axırı tərk edə biləcəyini bəyanla etiraz edən olmuşsa da, əksəriyyət deputatlar məlum hadisənin təsir və təhdidi altında irəlidə deyilmiş şərait daxilində hökuməti Azərbaycan Kommunist partiyasına vermək məcburiyyətində qalmışdır”.
Rəsulzadə parlamentin qərarı ilə hakimiyyəti ələ alan kommunistlərin 6 maddədən ibarət olan aşağıdakı şərtlərə əməl etməli olduqlarını öhdələrinə götürdüklərini bildirmişdi:
“1. Rus ordusu Bakıya girmədən dəmiryolu ilə birbaşa Anadolunun imdadına gedəcək;
2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz ilhaqdan qorunacaq;
3. Azərbayan Ordusu olduğu kimi qalıb - buraxılmayacaq;
4. Azərbaycan siyasi partiyaları hürriyyət və sərbəstliyini mühafizə edəcək;
5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və milət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək;
6. Azad şəkildə toplanacaq Azərbaycan şuraları hökumətin idarə şəklini təyin edəcək” .
Qeyd edək ki, bu şərtlərlə bağlı tarixşünaslığımızda müxtəlif fikirlər mövcuddur. Tanınmış tarixçi, professor C.Həsənli “Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində. 1918-1920” kitabında “Kommunist” qəzetində 6 may 1920-ci il tarixində verilmiş məlumata əsasən bu şərtlərin 7 olduğunu göstərmişdi. Diqqətlə baxılsa təkliflərin məzmununda da xeyli dəyişikliklərə yol verildiyini görmək olar...
Tarix elmləri doktoru, professor N.Nəsibzadə “Azərbaycanın xarici siyasəti (1918-1929)” adlı əsərində Rəsulzadəyə istinadla hakimiyyətin kommunistlərə altı maddədən ibarət olan şərtlərlə verildiyini qeyd etmişdi . Eyni zamanda o, 6 may 1920-ci ildə rusca nəşr olunan “Kommunist” qəzetində şərtlərin sayının yeddi olduğunu, məzmununda da dəyişiklik edildiyini bildirmişdi...
Çox düşündürücüdür ki, müstəqillik dövründə dövlətin vəsaiti hesabına çap olunan yeddi cildlik “Azərbaycan tarixi” kitabında isə bolşevik ideologiyası və işğalçılıq siyasətinə haqq qazandırmaq ruhunda Moskvada nəşr olunmuş “Qırmızı Ordu cəbhəsinin Baş komandanlığının direktivləri” adlı kitaba istinad edilərək şərtlərin məhz 7 olduğu yazılmışdır. Təəssüf ki, bu kitabda müqavilənin məzmununda Sovet hakimiyyətinin və kommunistlərin xeyrinə olan dəyişikliklərdən də bəhs edilməmişdir.
“Azərbaycan Xalq Cümhuriyyəti. Parlamentin stenoqrafik hesabatları” adlı iki cildliyin ikinci cildində hakimiyyətin kommulnistlərə təhvil verilməsi şərtləri nədənsə parlamentin son iclasını özündə əks etdirən arxiv sənədlərinə, yaxud Cümhuriyyətin əsas qurucusu olan Rəsulzadənin əsərindəki fikrə deyil, “Kommunist” qəzetinin 6 may 1920-ci il tarixindəki məlumata istinad edilmişdir ...
Digər bir ümumiləşdirilmiş əsər 2004-cü ildə nəşr olunan “Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası”dır. Bu fundamental kitabda doğru olaraq Rəsulzadənin fikirləri əsas götürülmüş, hakimiyyətin kommunistlərə 6 maddəlik şərtlərlə verildiyi yazılmışdır...
-Bildiyimə görə, 105 il öncə aprelin bu- son günlərində Bakıda əhali arasında belə şayiələr yayılırdı ki, guya Məhəmməd Əmin hökumətini devirən bolşeviklər yox, Osmanlı türkləridir...
-Bəli, təəssüf ki, belə şayiələr də yayılırdı... Artıq aprelin 28-dən üçrəngli bayrağımız qırmızı, əsasən işğalçı sovetlərin “…. və qismən də Osmanlının bayrağı ilə əvəz edilmişdir”. O ən ağrıdıcı məqamlardan birinin “…milis başında yardım alan şəhər komandanlığında və digər məsuliyyətli vəzifələrdə çalışaraq türk (Osmanlı) adı və imzası ilə çıxan gündəlik əmrlər, bəyannamə və elanların gözə çarpması”nda olduğunu göstərirdi. Çünki bu, Azərbaycan əhalisində belə fikir formalaşdırırdı ki, “...işğalı həyata keçirən rus ordusu deyil, Osmanlı türkləridir, Müsavat hökuməti devrilmiş, yerinə Türkiyə hökuməti qurulmuşdu”.

İctimai fikri çaşdıran, adamları aldadan, faktiki olaraq bu hərəkətləri ilə işğalçılara xidmət edən “Yeni dünya” qəzeti guya çevrilişin türklərin özləri tərəfindən həyata keçirildiyini “…ingilisçi Müsavatı devirməklə iki məqsəd” güdüldüyünü bildirirdi. “…1. Azərbaycanın xilası. 2. Həyatı üçün mübarizə aparan Türkiyəyə işğalçı Rusiyanın köməyini təmin etmək. “Türk mütəxəssislərin” bəyanatına görə birinci məqsəd hasil edilmiş, ikinci məqsədin yerinə yetirilməsi üçün də Xəlil paşa Moskvaya ezam edilmişdi”.
Şübhəsiz ki, bütün bunlar Azərbaycan əhalisini aldatmağa yönəlmiş, işğala ideoloji don geyindirməyə xidmət etmişdi. Bu səbəbdən belə yalanların ömrü cəmisi “bir həftə” çəkdi. İmzalanan müqavilənin “mürəkkəbi belə qurumadan” bolşeviklər onu nümayişkaranə surətdə pozub Bakıya girdi. Həmçinin işğalçı ordu “…dəmir yolu ilə Anadolu hüduduna doğru getməyərək, müxtəlif yollarla məmləkətin müxtəlif yerlərini zorla tutmağa başladı”.
Fikrini davam etdirən Rəsulzadə qeyd edir ki, Bakı XI Qırmızı Ordu “… tərəfindən işğal edildikdən iki gün sonra Türk komandanları rus yoldaşlarla əvəz edildi. Fəqət, iş bununla da qalmadı. Əmri yerinə yetirən nə qədər Osmanlı zabiti varsa, hamısını ya həbs və yaxud ölkə xarici etdilər”.
Müqavilənin digər maddələri də qısa müddətdən sonra işğalçılar tərəfindən pozularaq adi kağız parçası kimi ayaqlar altına atıldı. Ordu müxtəlif bəhanələrlə dağıdıldı. Zabitlər, dövlət xadimləri güllələndi, məmurlar təqib və təzyiqə məruz qaldı. “…Bir qismi də məmləkəti tərk etmək məcburiyyətində qaldı. Üzdə olan, tanınan nə qədər işıqlı şəxslər varsa, gözləmə mövqeyi tutdu və ya göz altına alındı. Şəhərin mötəbər və yüksək məmur təbəqələri olan insanlar küçə süpürmək, zibil yığmaq və s. təmizlik kimi işlərdə işləməyə məcbur edilirdi”...
(Davamı var)
Sultan Laçın