AZ

“Siz Üzeyir bəyiniz olduğu üçün xoşbəxt olmalısınız”: Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərindən REPORTAJ

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyn Cavid

Bakıdan Bişkekə uzanan körpü

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı. Səhər saat 04:50. Hava yavaş-yavaş işıqlandıqca, ətrafımda mədəniyyət və incəsənət xadimlərini eyni əhval-ruhiyyədə gördükcə səfərimizin məqsədi mənim üçün daha da aydınlaşır. Və elə bu aydınlanma ilə özümlə qürrələnməyə vaxt da tapıram. Hər halda, bu qədər adam eyni amal, eyni məqsəd və eyni vətəndaşlıq borcu üçün toplaşırdı – Azərbaycan mədəniyyətini xaricdə təmsil etmək üçün. Bizim isə öhdəliyimiz bu beş günlük səfər ərzində mədəniyyətimiz və onun təbliği adına olan hər şeyi ən yaxşı formada işıqlandırmaq idi.

Təyyarədə yerbəyer ola-ola, mediadakı həmkarlarımıza, incəsənət xadimlərimizə tanışlıq verdikcə gördüklərim, eşitdiklərim və sezdiklərim səfərin hələ uzun müddət xatirimizdən silinməyəcəyinin xəbərini verirdi. Dövlət Rəqs Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı, “Qaya” Vokal Qrupu, böyük və fundamental köklərə malik Azərbaycan cazının nümayəndələri, xalq artistləri, əməkdar artistlər... Bir sözlə, bu beş gün ərzində Bişkekin ən nabələd küçələrindən, məhəllələrindən tutmuş, ən dəbdəbəli mədəni mərkəzlərinə qədər hər bir məkan, hər bir ocaq məhz bizdən, məhz Azərbaycan mədəniyyətinin təntənəsindən danışacaqdı. Bu yəqinliyin arxayınlığı bizi göylərə qaldırdığı məqamda təyyarəmiz də artıq səmaya qalxmışdı...

Hamının nəzərində, əlbəttə, bu səfər, sadəcə, fiziki bir yolçuluq deyildi; bu səfər böyük bir tarixin, böyük bir millətin min illərin keşməkeşindən süzülüb gələn səsinin, nəfəsinin və rənginin mədəniyyət halında vəhdət forması idi. Elə bilirəm, bu səfər Azərbaycan mədəni-ictimai xadimlərini humanitar bir orduya çevirmişdi, silahımızın isə tək adı vardı: mədəniyyət! Tarın-kamançanın hüznlü pıçıltıları, qavalın coşğusu, muğamın ecazkar sədası, cazın çağdaş nəfəsi və ədəbiyyatın, şeirin, nəsrin hər hecası bir bütövlükdə, bir ordu halında birləşmişdi.

Çingiz Aytmatova vəfa borcum

Qırğızıstana səfər edəcəyimi bildiyim gündən Çingiz Aytmatovun “Seçilmiş əsərləri”ni də özümlə aparacağımı yəqinləmişdim. Bu mənim üçün həm də simvolik məna əxz edirdi – əzbərimdə olan hər bir əsərində onunla bərabər gəzmişəm, təbiətinə heyran qaldığım Tyan-Şan dağlarını, ucsuz-bucaqsız yaşıl yamacları, İssık-Kulu, dərələri, təpələri məhz onun gözü ilə görmüşəm. İndi bu səfər bir az da xatirə və vəfa borcudur həm də: nə vaxtsa əlimdən tutan, zehnimin ən dərin və təmiz qatlarında özünə yer edən Aytmatovun əsərləri Qırğızıstan səfərimdə mənim yol yoldaşım olmalı idi. Elə bilirəm, təyyarə salonundan Manas Hava Limanına qədər, oradan beş gün ərzində qalacağımız hotelə, mədəni mərkəzlərə, küçələrə, məhəllələrə qədər hər yerdə Duyşən də yanımdadır, Altınay da, Tanabay da, Asel də, Cəmilə də...

Manas Hava Limanına enərkən, birinci növbədə, diqqətimi çəkən ətrafımızda boyu səmaya qədər ucalan ağaclar və onun fonunda əzəmətli Tyan-Şan dağları oldu. Mədəniyyət Nazirliyindən olan həmkarımız məhz həmin dağları göstərib astadan dillənir:

– İslama qədər bu yerlərin tanrısı idi o dağlar...

Mənim nəzərimdə isə zirvəsi, az qala, göy üzünü dələn Tyan-Şan Aytmatov qələminin və qələmindən qəlbinə qədər uzanan yolun təbiət halıdır — min illərin yaddaşına hopmuş qüdrət və ümid sədası. Məhz elə o məqamda bir şeyi dərk etdim: bu torpaqlar yalnız çayların, yaşıl yamacların, dağların məkanı deyilmiş, bu torpaqlar zamana meydan oxuyan sarsılmaz xatirələrin və tale yazısının ucsuz-bucaqsız məbədi imiş həm də. Mən isə Aytmatovun sözlərini xəritə kimi əzbərimdə tutan bir yolçu kimi, keçmişlə gələcəyi birləşdirən bir könül daşıyıcısı kimi artıq qeydlərimi götürürdüm. Həmin vaxt həmkarlarımızdan birinin: “Saatlarımız avtomatik iki saat irəli çəkildi”, – deməsi isə yəqin ki, düşüncələrimin təsdiqi idi – keçmişlə gələcək artıq birləşmişdi...

Qardaş salamı

Manas Hava Limanı paytaxt Bişkekdən 25 km məsafədə yerləşir. Biz ora çatanda Bakı vaxtı ilə saat 09:00, Bişkek vaxtı ilə isə 11:00 idi. Qırğız qardaşlarımız bizi böyük coşğu və sevgi ilə qarşıladı. Milli musiqinin ritmi altında qırğız milli mətbəxinin təamları, gül-çiçək dəstələri, gülərüz sima və xoş gəldiniz sədaları...

Belə bir qarşılanma ilə yolun və yolçuluğun bütün ağırlığı çiyinlərimizdən sovruldu; milli musiqinin alovlu ritmi, qardaş salamının səmimiyyəti və təbəssümlərin istiliyi ilə yorğunluğumuz da əriyib yox oldu, yolların uzaqlığı da... Artıq bu torpaqlar xəritədəki hər hansısa bir məkandan daha çox ruhumuzun, kökümüzün və tariximizin vəhdət halı və minilliklərin o tayından gələn çağırış nöqtəsi idi. Bura artıq yad bir yer deyildi - bura bizim qardaşlıq yaddaşımızın, ruh yaddaşımızın kökü və özəyi idi.

Tarixin daşında, sənətin ilməsindəki yaxınlıq

Beş günlük mədəniyyət şöləni Qırğızıstan Milli İncəsənət Muzeyindəki “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” sərgisi ilə başladı. Mirzə Qədim İrəvaninin qərblə şərqin qovşağında ərsəyə gətirdiyi nadir sənət nümunələri, hər ilməsində qədimliyin və milliliyin nəfəsini daşıyan xalçalarımız, insan əlinin də yaddaşa malik olduğunu incəliklə əks etdirən qurama sənətimiz, zərif şəbəkə üsulu və ustad zərgərlərin yaratdığı sənət əsərləri muzeyin divarları boyunca göz oxşayırdı. Bizim üçün bu sərgi həm də başqa məna daşıyırdı: biz tarixin yaddaşından süzülüb gələn, qorunan, inkişaf etdirilən irsimizə bu dəfə öz gözümüzlə yox, qırğız seyirçilərin təəccüb və heyrət dolu gözləri ilə, baxışları və düşüncələri ilə baxırdıq. Elə bilirəm, bununla da, özümüzü, öz milli-mədəni irsimizi yenidən kəşf edir və ehtiram duyurduq - onlar kimi.

Bu sərgi iki xalqın yaddaşında min illərdir boy göstərən doğmalığın, ortaq tarix və taleyin, mədəni yaddaşın dirçəlməsi və dilə gəlməsi idi. Bu sərgi həm də bir sübut idi: sənət yalnız estetik duyum deyil, sənət xalqların ruhuna, ürəyinə yol tapan, tarixlərin və talelərin birləşdiyi bir dildir.

Sərginin bir başqa tərəfi isə Qarabağla bağlı idi – Azərbaycan Fotoqraflar Birliyinin Qarabağın tarix yaddaşı və yenidən nəfəs tapması ilə bağlı sərgisi. Otuz illik işğalın ən ağrılı-acılı tərəfi, mədəni-tarixi irsə göstərilən vandal münasibət və azad olunduqdan sonra yenidən dirçələn və hər daşına, hər kərpicinə eyni həssaslıqla yanaşılıb bərpa edilən tarixi irsimiz...

Bişkekdə Üzeyir Hacıbəyli musiqisinin sədası

Qırğızıstan Milli Filarmoniyası isə açılış qala konsertinin məkanı oldu. Azərbaycanın görkəmli incəsənət xadimləri, Dövlət Rəqs Ansamblı, virtuoz musiqiçilər milli musiqimizin və rəqslərimizin ən parlaq nümunələrini təqdim etdilər. Qırğızıstan Milli Filarmoniyası, yəqin ki, həmin gecə tarixinin ən səs-küylü, ən coşğulu gecələrindən birini yaşayırdı. Üzeyir Hacıbəylidən Tofiq Quliyevə, Ələkbər Tağıyevdən Bəhram Nəsibova, Oqtay Kazımidən Müslüm Maqomayevə... Aşıq musiqisindən xalq mahnılarına, klassik bəstəkar yaradıcılığından qırğız xalq musiqisi nümunələrinə qədər hər bir səsləndirilən parça, hər bir not sanki görünməz bir körpü kimi iki xalqın qəlbini birləşdirirdi. O axşam musiqi yalnız səslənmirdi, o axşam musiqi danışırdı, hiss etdirirdi, yaşadırdı.

Bu beş günün hər axşamı başqa bir musiqi bayramına çevrildi. Dövlət Rəqs Ansamblının tozu dumana, dumanı toza qatması, Simfonik musiqi orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının konserti, Qədim Milli Musiqi Alətlərinin ecazkar repertuar nümayişi, eləcə də etno-caz gecəsi ayrı-ayrılıqda qırğız tamaşaçılar üçün unudulmaz anlar yaşatdı.

Simfonik musiqi gecəsi dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu. O Üzeyir Hacıbəyli ki, Azərbaycan musiqisi deyəndə istər-istəməz onun adı keçir ürəyindən, quracağın ilk cümlədə o adı səsləndirmək istəyirsən – milli musiqimizin tacı, mayakı, özəyi, gerçəyi...

Gecənin sonunda foyedə rastlaşdığım yaşlı qırğız tamaşaçının qırıq-qırıq türkçəsi ilə dediyi bu cümlə isə, yəqin ki, bəhs elədiklərim barədə ən yaxşı tərifdir:

– Siz Üzeyir bəyiniz olduğu üçün xoşbəxt olmalısınız.

Bişkekin dörd bir yanında Azərbaycan mədəniyyəti

Mədəniyyət Günləri çərçivəsində Dövlət Pantomim Teatrının rejissoru Ceyhun Dadaşovun ustad dərsi, “Zümrüd Mirzəliyeva”ya məxsus dünyaca məşhur brendin moda nümayişi, Bəxtiyar Vahabzadənin ilk dəfə qırğız dilinə çevrilən “Seçilmiş əsərləri”nin təqdimatı, eləcə də Qırğızıstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı da baş tutdu.

Elə bilirəm, hər tədbir, hər çıxış, hər rəqs, hər musiqi notu zamanın sərt axarını bir anlıq da olsa, durdurur, iki xalqın mədəni ruhu bir ad altında, bir səma altında təzədən boy göstərirdi. Çünki bu beşgünlük mədəni bayram oxşar ruhların, oxşar mədəniyyətlərin və iki qardaş xalqın eyni kökdən, eyni qandan, eyni candan gəlməsini ifadə edirdi. Və mən artıq əmindim: burada yaşananlar, sadəcə, hansısa bir tədbir kimi yaşanmırdı, bu yaşananlar həm də yaradırdı — daha möhkəm bağ, daha sağlam əlaqə, daha böyük gələcək.

Qırğızıstan Milli Kitabxanasından ərməğan

Qırğızıstan Milli Kitabxanasında dolaşdığım vaxt birdən gözüm Çingiz Aytmatovun Azərbaycan dilində nəşr olunmuş “Seçilmiş əsərləri”nin ikinci cildinə sataşır. Məhz həmin ikicildliyin bir cildi mənimlə Bakıdan Bişkekə qədər yol yoldaşı olmuş, hazırda da çantamda öz mübarək yerini tuturdu. Unutduğum hansısa bir səbəbdən ikinci cildi itirmişdim. İndi Bakıdan 2400 km uzaqlıqda həmin kitabı tapmağımla onu rəfdən götürməyim bircə saniyə çəkdi. Bir də onda ayıldım ki, bu kitabı heç bir halda təzədən əvvəlki yerinə qoymaq fikrim yoxdur. Bir də onda ayıldım ki, kitabı özümlə götürməkdə qərarlıyam. Və bir də onda ayıldım ki, artıq Milli Kitabxananın çıxışına doğru sürətimi artırıram.

Qapıda kitabxana işçilərindən biri ilə rastlaşdığım vaxt özümün də təəccüb etdiyim arxayınlıqla kitabı ona göstərib dillənirəm:

– Mən ya bu kitabı sizdən oğurlayıram, ya da siz onu mənə bağışlamalısınız.

Xanım dediklərimi başa düşmür, mən də bu beş gün ərzində tez-tez dadıma çatan “google translate” vasitəsilə fikrimi yenidən təkrar edirəm. Xanım kitabı məndən alaraq bir az əlində o yan-bu yana çevirir və sonra gülərüzlüklə mənə qaytarır:

– Biz bu kitabı məmnuniyyətlə sizə bağışlayırıq...

Evə dönüş

Beş gün boyunca Bişkekin küçələrində, meydanlarında, mədəniyyət saraylarında Azərbaycan mədəniyyəti, Azərbaycan mədəni irsi alov kimi alovlandı, bir nəğmə kimi səsləndi. Hər addımda, hər küçədə, hər məhəllədə Azərbaycan mədəni irsindən nəsə duyuldu, nəsə hiss edildi. Tarın, kamançanın ahəngi, muğamın əzəli sədası Bişkek səmasını bürüyərkən bir daha mədəniyyət anlayışının gücünə, millətlərin yaddaşında açdığı əbədi izə şahidlik etmiş olduq.

Qırğız camaatının gözlərində parlayan işıq yalnız sevincin yox, həm də bir doğmalıq, qardaşlıq hissinin işığı idi. Azərbaycan musiqisinin hər bir notu, Azərbaycan rəqsinin hər bir hərəkəti, incəsənətinin hər bir detalı onların könlündə tanış səsə, tanış rəngə, tanış xatirəyə çevrilirdi.

...Nəhayət, Bişkeklə vidalaşmaq anı gəlib çatır – Manas Hava Limanına doğru irəliləyən avtobusun pəncərəsindən baxaram: elə bilirəm, Tyan-Şan dağları bu mədəni tarixə baş əyir, günəş isə bu mədəniyyət yolçuluğuna işıq tutması ilə qürrələnirdi. Yol boyu yaddaşımızda əbədi xatirəyə çevrilən mənzərələr artıq yad deyildi – hər küçə, hər ağac, hər təbəssüm bizə doğmalaşmışdı. Bişkekin səssizliyi isə, çox yəqin ki, bir minnətdarlıq nəğməsi idi.

Təyyarə göyə qalxdıqca, Bişkek fiziki bir nöqtəyə çevrildikcə könlümüzdə və xatirimizdə böyüyür, əbədi izə çevrilirdi. Salonda isə incəsənət xadimlərimizin, musiqiçilərimizin dilində vəhdət halında bir şüar vardı:

“Azərbaycan əyilməz,
Azərbaycan bölünməz,
Bir kərə qalxan bayraq
Bir daha yerə enməz!”

Seçilən
0
report.az

1Mənbələr