Avropanın cənubundakı Pireney yarımadasında yerləşən İspaniya və Portuqaliya, eləcə də Fransanın bəzi bölgələrinə təsir edən geniş yayılmış elektrik kəsilməsindən sonra bəzi bölgələrə yenidən elektrik enerjisi verilməyə başlanıb.
Xüsusilə İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi səbəbindən həyat dayandığı bir vaxtda İspaniya Daxili İşlər Nazirliyi dünən milli fövqəladə vəziyyət elan etmək və ölkə daxilində 30 min polis məmuru təyin etmək qərarına gəlib.
News24.az xəbər verir ki, hər iki ölkənin Nazirlər Kabineti təcili iclas keçirib.
Kəsintilərin səbəbi hələ aydın olmasa da, Portuqaliya kəsilmələrin mənbəyinin İspaniya olduğunu, İspaniya isə Fransa ilə əlaqə ilə bağlı problemə işarə edib. Portuqaliyanın Baş naziri Luis Monteneqro da kəsilmələrin kiberhücum nəticəsində baş verdiyinə dair "heç bir əlamət" olmadığını bildirib.
İspaniyanın Baş naziri Pedro Sançesin verdiyi açıqlamaya görə, İspaniya yerli vaxtla saat 12:33-də 5 saniyədə istehsal etdiyi 15 GVt elektrik enerjisini itirib.
Bu, ölkənin ümumi elektrik enerjisinə olan tələbatının 60 faizini təşkil edirdi. Texniklərin azalmanın niyə baş verdiyini anlamağa çalışdıqlarını izah edən Sançes, "Bu, daha əvvəl heç olmamış bir şeydir" deyib.
Sançes vətəndaşları evdə qalmağa və telefon xətlərini çox yükləməməyə çağırıb. O, "Səbəblər haqqında qəti məlumat yoxdur, ictimaiyyəti spekulyasiya etməməyə çağırıram" deyə əlavə edib.
Günel Məlikzadə