Xəbər verdiyimiz kimi, "Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi" təsdiqlənib. Mayın 1-ə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.
Sistemin yaradılmasına rəhbərliyi həyat keçirən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən bu ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur.
Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi vətəndaşların elektrik, qaz, su, internet və digər kommunal xidmətlərlə əlaqəli məlumatları bir yerdə izləməsinə, ödəniş etməsinə və problemləri həll etməsinə imkan verən rəqəmsal platformadır.
Bəs vahid sistem kommunal sahədə nəyi dəyişəcək? Kommunal xidmətlərdə qiymətlərə təsir edəcəkmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Bizim.Media-ya danışıb.
O, bildirib ki, vətəndaşlara xidmət baxımından çox vacibdir:
“Biz hər dəfə ödəniş etmək üçün müxtəlif kodlar axtarmayacağıq, bir kodla bütün borclarımızı öyrənib, ödəyəcəyik. Bildiyimiz kimi, kommunal borcları biz dövlətə ödəyirik, dövlət də bu sistem vasitəsilə bütün borcları bir yerdən toplayacaq. Bu, təkcə kod məsələsi deyil, bunun bölüşdürmə qaydası və vətəndaşdan tələb forması da müəyyənləşəcək.
Məsələn, bizim qazın istifadəsinə görə 20, istiliyin sərfinə görə 30 manat borcumuz varsa, hamısı bir əldən toplanacaq. Burada hansısa ödəmədən yayınma çətin olacaq. Çünki dövlət səni kommunal haqqa görə vahid borclu kimi tanıyacaq. Şəffaflığın artırılması, xidmətin elektronlaşması, vətəndaşın borc ödəmə məsuliyyətini də artıra bilər. Dövlətin borcu yığmaq, debitorlara nəzarət imkanlarını yaxşılaşdırır”.
İqtisadçı deyib ki, bunun kommunal xidmətlərin qiymətlərinə təsiri nəzərdə tutulmur, vahid kommunal sistemin qiymətlərə aidiyyatı yoxdur:
“Vahid sistem borcların toplanması, ödənişlərin ardıcıllığının formalaşdırılması üçündür. Sistem işə düşəndə daha detallı biləcəyik ki, borclar tarixi ardıcıllıqlarını təmin ediləcək ya necə?
Məsələn, işıq pulunu 20, qazın pulunu 10 gün gecikdirmişik. Birinci ardıcıllıq işıqmı, qazmı olacaq və yaxud istliyə, zibil daşıma pulunu ödəməmiş işıq pulunu ödəyə biləcəyikmi? Yəni suallar çoxdur. Bunların cavabı sistem qurulanda bəlli olacaq.
Dövlətin digər layihələridəki önişlərdən məlumatım olduğu üçün bəzi şeyləri güman edə bilirəm. Əgər sizin istiliyə borcunuz var, ona görə də işığın, qazın pulunu ödəyə bilmirsinizsə, məcbur istiliyi ödəyəndən sonra işıq, qaz, su invoyslarınız aktvləşə bilər. Bu cür nüanslar ortaya çıxa bilər və dövlət öz borclarını toplaya bilər”.
Günay Şahmar, Bizim.Media