Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlər imzalanıb. İki ölkə arasındakı əməkdaşlığa töhfə verəcək addımlardan ən önəmlisi isə Azərbaycan və Çin arasında viza rejiminin ləğv edilməsidir. Təbii ki, bütün bunlar ölkəmizdə Çin dilinə olan marağı artıracaq.
Maraqlıdır, görəsən Çin dili də ingilis və rus dilləri kimi ölkəmizdə işlək dilə çevriləcək?
Mövzuya dair fikirlərini Publika.az-la bölüşən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Çin və Azərbaycan arasında münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması, xüsusilə viza rejiminin ləğvi, birgə iqtisadi layihələr və strateji əməkdaşlıq çin dilinin ölkəmizdə öyrənilməsinə marağı artırır:
“Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda 3000-dən çox şəxs çin dilini öyrənmək üçün müxtəlif kurslara və proqramlara qatılır. Bu göstərici hər il orta hesabla 10-15 faiz artım dinamikası göstərir. Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində çin dili artıq ayrı-ayrı ixtisaslar üzrə tədris olunur. Ümumilikdə, ölkədə təxminən 12 ali və orta ixtisas təhsil müəssisəsində çin dili fakültativ və ya seçmə fənn kimi təklif olunur. Bu, hələlik ölkə miqyasında geniş yayılmadığını göstərir.
“Təhsil haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, təhsil alanlara beynəlxalq əmək bazarında rəqabətə davamlı olmaq üçün xarici dillərin öyrədilməsi əsas prioritetlərdən biridir. Amma hazırda xarici dillərin tədrisi əsasən ingilis və rus dili üzərində qurulub, çin dilinə isə hələlik pilot layihə və ayrı-ayrı təşəbbüslər çərçivəsində yer verilir. Dövlətin bu istiqamətdə konseptual yanaşmaya keçməsi, müvafiq proqramların hazırlanması və məktəblərdə kadr hazırlığının təşkil edilməsi vacib şərtdir”.
Ekspertin sözlərinə görə, Çin dilinin dövlət səviyyəsində ikinci və ya üçüncü xarici dil kimi məktəb proqramlarına daxil edilməsi bu istiqamətdə əsaslı irəliləyiş ola bilər:
“Lakin bunun üçün ən böyük çətinlik peşəkar Çin dili müəllimlərinin çatışmazlığı və dərsliklərin məhdudluğudur. Çin səfirliyi və Konfutsi İnstitutunun dəstəyi ilə bəzi məktəblərdə artıq Çin dili kabinetləri yaradılıb. Ancaq bu, ölkə miqyasında sistemli şəkildə genişlənməyib. Çin dili kurslarına tələb əsasən Bakı və iri şəhərlərdə müşahidə olunur. Xüsusilə, beynəlxalq şirkətlərdə, turizm və logistika sektorunda işləmək istəyən gənclər üçün bu dil artıq rəqabət üstünlüyü hesab olunur. Lakin regionlarda belə kursların əlçatanlığı və tədris keyfiyyəti ilə bağlı problemlər davam edir. Kurs qiymətlərinin yüksək olması və peşəkar müəllim çatışmazlığı bu sahədə inkişafın qarşısını qismən alır.
Dövlət proqramı çərçivəsində yeni müəllimlərin Çində hazırlanması, distant təhsil imkanlarının artırılması və çin dili üzrə elektron resursların genişləndirilməsi vacibdir. Dünya təcrübəsində, məsələn, Sinqapur, Malayziya, Avstraliya və Almaniyada çin dili artıq orta məktəblərdə ikinci və üçüncü xarici dil kimi geniş şəkildə tədris olunur, Çində təhsil almaq üçün proqramlar, təqaüdlər və birgə layihələr mövcuddur. Məhz bu ölkələrdə əmək bazarının tələbləri ilə təhsil siyasəti arasında əlaqə aydın hiss olunur”.
K.Əsədov son olaraq qeyd etdi ki, Çin ilə iqtisadi, texnoloji, turizm və humanitar əməkdaşlığın dərinləşməsi Azərbaycanda Çin dilini bilməyin vacibliyini artırır:
“Artıq Çindən Azərbaycana gələn turistlərin sayı il ərzində 30 min nəfəri keçib və artan ticarət dövriyyəsi, ortaq biznes layihələri, təhsil mübadilələri fonunda çin dilini bilən kadrlara ehtiyac yaranır. Diplomatik münasibətlərin intensivləşməsi də bu dili bilən mütəxəssislərin perspektivini artırır. Bütün bu amillər onu göstərir ki, çin dilinin tədrisi, müəllim hazırlığı və müasir metodik baza təmin olunarsa, bu dil Azərbaycanın təhsil sistemində rus və ingilis dili kimi geniş yayılmış xarici dillərdən birinə çevrilə bilər.