Birləşmiş Millətlər Təşkilatı (BMT) terror hücumlarından sağ çıxanlara və terror qurbanlarının yaxınlarına dəstək olmaq təşəbbüsü ilə çıxış edib.
BMT-nin Terrorla Mübarizə İdarəsi (UNOCT) “Terror Qurbanları Assosiasiyaları Şəbəkəsi” təşəbbüsünün başladığını elan edib.
Operativ Media xəbər verir ki, təşəbbüs terrorizm qurbanlarının və sağ qalanların bir-birini dəstəkləyə, dayanıqlılıqlarını artıra və müdafiəçi, pedaqoq və sülh qurucuları kimi çıxış edə biləcəyi təhlükəsiz məkan təmin etmək məqsədi daşıyır.
BMT-nin Terrorla Mübarizə İdarəsinin baş katibinin müavini Vladimir Voronkov “Təsəvvür olunmayan şəxsi faciələr qarşısında bir çoxları öz sözünü deməyi, həmrəylik və tolerantlığın güclü tərəfdarlarına çevrilməyi seçdilər”, - deyə bildirib.