AZ

"Ukrayna, Tayvan və Suriya əvəzinə Qrenlandiya və Fələstin?" - "Sabah" qəzeti

"Tramp artıq Krımı Rusiyaya, Tayvanı Çinə, Suriyanı isə Türkiyəyə güzəştə gedib..."
 
ABŞ prezidenti Donald Tramp Rusiya, Çin və Türkiyə ilə yeni bir qlobal konsensusa doğru irəliləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri yazıb.
 
Məqalə müəllifi Bercan Tutar qeyd edir ki, Tramp artıq Krımı Rusiyaya, Tayvanı Çinə, Suriyanı isə Türkiyəyə güzəştə gedib və bunun qarşılığında Kanada, Panama kanalı və xüsusilə də Qrenlandiyanı əldə etməyə çalışır.
 
Müəllif yazır ki, ABŞ-ın qlobal nüfuzu son illərdə ciddi zərbələr alıb: Rusiya-Ukrayna müharibəsi, Türkiyənin Liviyada, Qarabağda və Suriyada fəallığı, Çinin "Bir kəmər, bir yol" təşəbbüsü və Cənubi Çin dənizində artan hərbi gücü ABŞ-ın dünya liderliyini zəiflədib. ABŞ-ın Çini 5G texnologiyasından və yarımkeçiricilərdən təcrid etmək cəhdləri də uğursuz olub.
 
Bu şəraitdə Tramp siyasətini dəyişib: birinci prezidentlik dövründə rəqiblərinə qarşı təhdid siyasəti yürüdən Tramp indi iqtisadiyyat və gömrük rüsumları vasitəsilə dialoq və əməkdaşlıq yolunu seçib. O, Çin lideri Si Tszinpinlə, Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri yumşaldıb və onları "ağıllı və güclü liderlər" kimi tərifləyib.
 
Trampın hazırkı yanaşmasına görə, ABŞ-ın əsas problemi Çin, Rusiya və ya Türkiyə deyil, daxili iqtisadi və geosiyasi zəifliklərdir. Bu səbəbdən də Tramp müəyyən bölgələri (məsələn, Ukraynanın bir hissəsini, Krımı, Tayvanı və Suriyanı) güzəştə gedərək Qrenlandiya kimi strateji əhəmiyyətli ərazilər üzərində nəzarəti əldə etməyə çalışır. Xüsusilə Qrenlandiya ABŞ-ın nadir torpaq elementlərinə olan asılılığını aradan qaldıra bilər və Arktikada ABŞ-ın üstünlüyünü təmin edə bilər.
 
Bununla belə, müəyyən çətinliklər qalır: Trampın Fələstini tamamilə İsrailə güzəştə getmək planı həm Türkiyənin, həm də Çin və Rusiyanın narazılığı ilə qarşılanır. Müəllif hesab edir ki, nəticə etibarilə Tramp İsrailin irrasional tələblərindən imtina edəcək və daha real siyasətə üstünlük verəcək. Tramp bütövlükdə müharibə və qarşıdurmadan çox, kompromis və razılaşma yolu ilə ABŞ-ın qlobal maraqlarını qorumağa çalışır.
Seçilən
9
moderator.az

1Mənbələr