Vladimir Putin Kursk vilayətində hərbi əməliyyatlarda iştirak edən Şimali Koreya əsgərlərinə göstərdikləri köməyə görə təşəkkür edib.
Editor.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Biz rus döyüşçüləri ilə çiyin-çiyinə, vətənimizi öz Vətəni kimi müdafiə edən koreyalı əsgərlərin qəhrəmanlığına, yüksək səviyyəli xüsusi hazırlığına və fədakarlığına ehtiramlarını bildiririk. Onlar öz borclarını şərəf və şücaətlə yerinə yetirib, sönməz şöhrətə çatıblar”, – Rusiya prezidenti bildirib.
O, əlavə edib ki, rus xalqı “Koreya xüsusi təyinatlılarının şücaətini heç vaxt unutmayacaq” və “Rusiya uğrunda canlarını verən Koreya qəhrəmanlarını” həmişə şərəfləndirəcək. “Biz bunu çox yüksək qiymətləndiririk və şəxsən yoldaş Kim Çen Ina, KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk”, – media Putindən sitat gətirir.
//Samir Qurbanov, Editor.az