"Futbolumuzda tarixi dönüş! "Karvan" və "İmişli" komandaları bu mövsüm sərgilədikləri inamlı oyunla Premyer Liqaya vəsiqəni təmin etdilər. İndi azarkeşləri qarşıda daha möhtəşəm görüşlər və yüksək rəqabət gözləyir."
"Bu münasibətlə saytımız hər iki klubla əlaqə saxlayaraq onları təbrik edib və klubların 90deqiqe.az-a verdiyi özəl açıqlamaları təqdim edirik."
"İmişli" futbol klubunun icraçı direktoru Aqşin Mürsəlovun saytımıza açıqlaması:
"Premyer Liqada uğurlu çıxış üçün heyətimizi yeni futbolçularla gücləndirməyi və fiziki, texniki hazırlıq səviyyəmizi daha da artırmağı qarşıya məqsəd qoymuşuq. Əsas hədəflərimizdən biri isə Aran bölgəsinin futbolunu ən yüksək səviyyəyə — Premyer Liqa standartlarına çatdırmaq və bölgədə peşəkar futbol akademiyasının yaradılmasına nail olmaqdır."
"Karvan" futbol klubunun mətbuat katibi Bəhruz Musayevin saytımıza açıqlaması:
"İlkin olaraq qeyd edə bilərik ki, hər şey qaydasındadır. Bəzi çatışmazlıqlarımız olsa da, onların da öhdəsindən gələcəyik.
Klubun yaxın hədəflərindən biri transfer siyasətimizi daha da gücləndirməkdir. Uğurlu transferlər reallaşdırdığımız təqdirdə Premyer Liqada qalmaq uğrunda ciddi mübarizə aparacağımıza inanırıq.
Hazırkı əsas məqsədimiz Premyer Liqada möhkəmlənmək və mövsümü uğurla başa vurmaqdır."