Bakıya səfərindən əvvəl İran Prezidenti deyib ki, ölkələr bir-birinin torpağına göz dikməməlidir.
"İlk addım odur ki, hər tərəf öz payına qane olsun, başqasının torpağında gözü olmasın. İxtilaf onda ortaya çıxır ki, tərəflərdən biri başqasının torpağına yiyələnmək istəyir. Ölkələrin ərazi bütövlüyü haqq və hüquqlarıdır və buna hörmətlə yanaşmalıyıq", - Məsud Pezeşkian AzTV-yə deyib.
İran Azərbaycanın Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə nəzarət etmək istəyinin əleyhinədir.
İranın Ali dini lideri Ayətullah Xameneyinin özü də Zəngəzur dəhlizinin Azərbaycanın nəzarətinə keçməsinə kəskin etiraz bilirib.
"İran hər zaman Azərbaycanın hüquqlarını müdafiə edib və təbii ki, eyni çərçivədə Ermənistanın hüquqlarını da müdafiə edir", - Məsud Pezeşkian Bakıya rəsmi səfərindən əvvəl AzTV-yə verdiyi müsahibəsində deyib.
O, həmçinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Pezeşkian son illərdə Azərbaycan və İran arasında münasibətlər gərginləşəndən sonra Bakıya səfər edən ilk İran lideridir.
Azərbaycanın İsraillə dostluğuna İran hər zaman pis baxıb. Tehrandakı Azərbaycan səfirliyinə 2023-cü ildə silahlı hücumdan sonra isə münasibətlər ən gərgin həddə çatmışdı.
Qərbin sanksiyalarından sonra iqtisadi vəziyyəti çətinləşmiş İran Şimal-Cənub Beynəlxalq dəhlizində maraqlıdır - dəhlizin bir hissəsi Azərbaycandan keçir.
Videoya Youtube kanalımızda baxa bilərsiniz.