“Ermənistan tərəfi göründüyü kimi sülh müqaviləsinin imzalanmasını uzadır. Minsk Qrupunun buraxılması prosesini belə gecikdirir. Halbuki bu məsələ ölkə Konstitusiyasının dəyişdirilməsindən belə daha rahat prosesdir”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan tərəfi sülhə maraqlı deyil və sadəcə vaxtı uzatmağa çalışır:
“Rəsmi İrəvan vaxt qazandıqca düşünür ki, gedişat onun xeyrinə dəyişə bilər. Ermənistanda revanşist qrupların çıxışları, həyata keçirtdikləri antiAzərbaycan aksiyaları və verilən bəyanatlardan da belə görünür ki, hələ Ermənistan cəmiyyəti də sülhə hazır deyil, Azərbaycana qarşı hələ də düşmən siyasəti yürüdürlər. Ermənistan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib ki, proses 2027-ci ildə baş tutacaq. Demək ki, sülh prosesi uzanacaq. Minsk Qrupunun da buraxılmasını sülh sazişinə imza atacağı təqdirdə baş tutacağını bildirib. Ermənistan bilərəkdən məsələləri qəlizləşdirir, digər tərəfdən də silahlanır. Hesab edirəm ki, Ermənistan Baş nazirinin sülhə bağlı açıqlamalarına artıq Azərbaycan ciddi yanaşmır. Ermənistanın silahlanması ondan xəbər verir ki, Azərbaycana qarşı hərbi əməliyyatlarda maraqlıdır”.
//Gülnarə Abasova, Editor.az