AZ

Komitə sədri: Zərifə Əliyevanın parlaq obrazı yaddaşımıza əbədi həkk olunub

BAKI, 28 aprel. TELEQRAF

Bu gün Zərifə xanım Əliyevanın anadan olmasının 102 ili tamam olur. Zərifə xanım Əliyevanın parlaq obrazı yaddaşımıza əbədi həkk olunub. O, insanlara nur bəxş edən həkim - dəyərli alim, fədakar ömür-gün yoldaşı və qayğıkeş ana idi.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, tibb elminə çox mühüm yeniliklər gətirən, həkim-mütəxəssis və alim kimi fəaliyyəti yüksək qiymətləndirilən Zərifə Əliyeva milli-mənəvi dəyərlərə bağlılığı və sadiqliyi ilə fərqlənirdi: “Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb. Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Çünki Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Akademik Zərifə Əliyeva xeyirin, həqiqətin, bərabərliyin, düzgünlüyün xidmətində dayanmağı özünə bir ömürlük missiya kimi müəyyənləşdirmişdi. Bütün ömrünü belə bir niyyətlə yaşamışdı”.

Komitə sədri bildirib ki, Zərifə xanımın haqqında danışarkən, onun simasında nəcib Azərbaycan xanımı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük: “Sözsüz ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq. Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə həyatını bölüşmək onun üçün həm böyük xoşbəxtlik, həm də məsuliyyət idi. Fərəh və qürur hissi ilə qeyd edirik ki, iki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində yetişən cənab Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, xalqa və dövlətə sədaqət andını gerçəkləşdirərək Azərbaycana parlaq nailiyyətlər qazandırır. Bu, Azərbaycan xalqının iftixarı və xoşbəxtliyidir!”

Seçilən
10
teleqraf.com

1Mənbələr