AZ

Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib - FOTO

Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib.

Operativ Media xəbər verir ki, əməyin mühafizəsi, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri ilə bağlı geniş müzakirələr aparıldığı tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqları üzvləri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Vurğulanıb ki, həmin günün qeyd olunmasında məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılmasıdır.

Tədbirdə ölkəmizdə bu sahədə həyata keçirilən işlərdən, qanunvericilik bazasının təkmilləşdirilməsindən və əhalinin sosial rifahının daha da gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən bəhs olunub. 

Xatırladılıb ki, Azərbaycanda ilk kollektiv müqavilə 1905-ci ildə bağlanıb. Qeyd olunub ki, o dövrdə Bakının neft sənayesində çalışan fəhlələrlə işəgötürənlər arasında əmək şəraitini tənzimləyən ilk rəsmi sənəd imzalanıb. Bu sənəd işçilərin əmək hüquqlarını qorumaq, iş şəraitinin yaxşılaşdırılması, əmək haqqının artırılması və iş saatlarının tənzimlənməsi kimi məsələləri əhatə edirdi.

Çıxışçılar söyləyib ki, bu müqavilə Azərbaycan əmək tarixində və həmkarlar ittifaqı hərəkatının inkişafında mühüm bir dönüş nöqtəsi sayılır. Ona görə də bu il 2025-ci ildə  həmin ilk kollektiv müqavilənin imzalanmasının 120 illiyi qeyd olunur.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. 

Nazir söyləyib ki, Azərbaycanda əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, Əmək və Məşğulluq Alt Sistemi üzərindən əmək müqavilələrinin elektron formada bağlanması prosesi uğurla tətbiq edilir: "Hazırda altsistemdə təxminən 1,6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanmışdır ki, bu da mövcud müqavilələrin 87 faizini təşkil edir, bu altsistem sayəsində bədbəxt hadisələrə dair məlumatlar vahid elektron platformada toplanır və risklər süni intellekt dəstəyi ilə analiz edilir. Bu, əməyin mühafizəsində qabaqlayıcı və proaktiv yanaşmanın əsas komponentlərindən biridir. Sistem imkan verir ki, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta müqavilələri bağlamayan və minimum əməkhaqqı məbləğindən aşağı məbləğdə əməkhaqqı ödəyən işəgötürənləri müəyyən edib, onlar barəsində müvafiq maarifləndirmə, xəbərdarlıq və proaktiv nəzarət tədbirləri görək. Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox ərizə və şikayət araşdırılıb, 19,5 minə yaxın sorğu cavablandırılıb. 2024-cü ildə baş vermiş 2052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb".

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib ki, əhalinin bacarıqlarının təkmilləşdirilməsi (“upskilling”), yeni bacarıqların əldə edilməsi (“reskilling”) və ömürboyu öyrənmənin təşviqi istiqamətində həm dövlət, həm də özəl sektor səylərini birləşdirməli və daha da gücləndirməlidir. Onun sözlərinə görə, bu yanaşma ölkəmizin yeni reallıqlara əsaslanan dayanıqlı və çevik iqtisadiyyatının formalaşmasına mühüm təkan verəcək.

Nazir müavini çıxışında özəl sektor nümayəndələrinə çağırış edib. E.Əliyev bildirib ki, özəl sektor nümayəndələri xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır.

“Dövlət olaraq biz bu istiqaməti təşviq edəcək stimullaşdırıcı təşəbbüsləri dinləməyə və birlikdə işləməyə tam hazırıq. Qarşımızda duran yeni çağırışlar fonunda rəqabətqabiliyyətli iqtisadiyyat yalnız texnologiyaya çevik uyğunlaşma və innovasiyaya açıq yanaşma ilə mümkün ola bilər. Bu baxımdan, həm dövlət, həm də özəl sektor səviyyəsində rəqəmsal həllərə və innovativ texnologiyalara yönəlmiş investisiyaların həcmi və təsir dairəsi artırılmalıdır. Bu, təkcə texnoloji modernizasiya deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması, məhsuldarlığın artırılması və dayanıqlı inkişaf üçün əsas vasitədir”, - deyə nazirin birinci müavini vurğulayıb.

AHİK sədri Sahib Məmmədov xatırladıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2025-2028-ci illəri əhatə edən süni intellekt Strategiyası təsdiq edilib. Strategiya ölkəmizin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt sistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. O bildirib ki, strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına çıxaracaq, əmək bazarının müasir çağırışlara uyğunlaşmasını, yeni əmək vərdişlərinin formalaşmasını təmin edəcək: "Ekspertlərin proqnozları göstərir ki, yaxın illərdə süni intellekt əmək bazarında üstünlük qazanacaq. Təbii ki, texniki bacarıqları, müasir vərdişləri olmayan işçilər çətinliklərlə üzləşə bilərlər. Odur ki, biz dəyişikliklərə hazır olmalıyıq. Bu çətinliklərlə üzləşməmək üçün ölkəmizdə qabaqcıl tədbirlər görülür, işçi qüvvəsinin müasir çağırışlara uyğunlaşdırılması, inklüziv məşğulluğunun formalaşdırılması üçün sistemli işlər aparılır. Məhz təhlükəsiz və layiqli əmək şəraitində çalışan işçinin əmək məhsuldarlığı da yüksək olur. Bu isə öz növbəsində, istehsal prosesinin ahəngdarlığına və effektivliyinə gətirib çıxarır".

ASK prezidenti Məmməd Musayev çıxışında beynəlxalq statistikaya əsasən, hər il dünyada təxminən 2.8 milyon insanın iş yerlərində baş verən bədbəxt hadisə və peşə xəstəlikləri səbəbindən həyatını itirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, hər gün təqribən 7500 insan itkisi deməkdir: "Əmək mühafizəsi sahəsində önəmli hadisə olan və 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi və işəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşma əsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektiv müqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməl sütununa çevrilib".

M.Musayev bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir: "Sevindirici haldır ki, 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb. Bu rəqəmlər bizə açıq şəkildə göstərir ki, əməyin mühafizəsi təkcə sosial məsələ deyil, bu, milli təhlükəsizlik və davamlı inkişaf məsələsidir”.

O qeyd edib ki, 2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqavilələrinin ümumi sayı təxminən 1,9 milyon nəfər təşkil edib. Onlardan 900 min nəfəri dövlət sektorunda, 1 milyon nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Cari il martın 1-i tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib.

“Bu gün Azərbaycan iqtisadiyyatı modernləşmə, rəqabətədavamlılıq və innovativ yanaşmalarla yeni mərhələyə qədəm qoyub. Müasir biznes mərkəzləri, sənaye zonaları və texnoparkların inkişafı ilə paralel olaraq, insan kapitalı, kadr potensialı və əmək resurslarının səmərəli idarə olunması məsələləri ön plana çıxır. Dövlət başçısının “Neft kapitalını insan kapitalına çevirmək” strateji baxışının davamı kimi ölkəmizdə həyata keçirilən islahatlar əməyin dəyərini artırır, işçi qüvvəsinin bilik və bacarıqlarını yüksəldir, eləcə də təhlükəsiz əmək mühitinin formalaşdırılmasını dövlət siyasətinin ayrılmaz hissəsinə çevirir", - deyə M.Musayev əlavə edib.

Seçilən
1
50
operativmedia.az

10Mənbələr