“İki gün ərzində Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə baş verəcək. Çünki tarixdə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olundu. Bizim üçün şərəf və qürurdur ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir”.
Bunu Hafta.az-a Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin sədri Cavid Şahverdiyev bildirib. Son illər qlobal məkanda bir çox təşəbbüslərin müəllifi olan Azərbaycan bu sırada daha bir uğura imza atır.
“Bu gün Azərbaycan Vətəndaş Cəmiyyəti üçün tarixi gündür. Bakı Qlobal Cənub QHT Platformasının təsis konfransına ev sahibliyi edir. Neçə vaxt idi ki, bütün Qlobal Cənub tarixi hadisəni gözləyirdi, nəhayət, bu əlamətdar gün baş tutdu”-deyə QHT rəhbəri hər zaman mütərəqqi ideyalara dəstək verən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu dəfə də ənənəsinə sadiq qaldığını vurğulayıb.
“Agentlik bu qlobal təşəbbüsü reallığa çevirməkdə Azərbaycan Milli QHT Forumuna əsl dəstək verib, kömək üçün bütün müraciətlərə müsbət yanaşıb. Beləliklə, dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri Azərbaycan Milli QHT Forumunun dəvətini qəbul edərək Bakıya gəliblər. Bu, həm Azərbaycanın daha bir tarix yazması, həmçinin Qlobal Cənub üçün, Azərbaycan üçün də əsl QHT səfərbərliyidir”.
C.Şahverdiyev hesab edir ki, bu konfrans Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir.
Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür.
Bu tədbir eyni zamanda xarici qonaqlarla Azərbaycanın tanışlığı deməkdir. Bu gün qonaqlar konfransdan əvvəl Azərbaycanın sənətkarlıq işləri ilə tanış olublar.
Bakı Konqres Mərkəzinin dəhlizlərində Azərbaycanın sənətkarlıq işlərindən ibarət sərgi açılıb. Burada Azərbaycan xalçaları, milli oyma və naxışlar, dulusçuluq işləri və digər sənətkarlıq nümunələri yer alır.
Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı mina terrorundan əziyyət çəkən şəxslərin fotolarından ibarət sərgi açılıb. Sərgidə “Gilavar Foto Klubu” Avropa paytaxtlarında nümayiş olunmuş foto əsərləri yer alır. Dəhlizdə həmçinin BMT-nin 18-ci davamlı inkişaf məqsədi kimi dünyada mina təhlükəsizliyinin müəyyən edilməsinə dair Azərbaycanın təşəbbüsünü özündə əks etdirən stend də fəaliyyət göstərir”.
QHT rəhbəri eyni zamanda qeyd edib ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Onlar da kənar qüvvələrin işğalçılıq siyasətindən əziyyət çəkiblər. Belə tədbirlərin keçirilməsi ölkələrin vətəndaş cəmiyyətinin bir-birinə dəstək olmasına şərait yaradır ki, işğalçılıq siyasətin dünya ictimaiyyətinə çatdırılmasında birgə addımlar ata bilsinlər.
“Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində deyildiyi kimi Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir: "İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir".
Bu tədbir haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün tutarlı bir vasitə olmalıdır. Bundan bütün tərəflər maksimum yararlanmalıdır”-C.Şahverdiyev deyib.