"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu CGTN telekanalına verdiyi müsahibə iki ölkə arasında inkişaf edən strateji tərəfdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdi. Prezident müsahibə zamanı Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafından, qarşılıqlı etimad və dostluq ruhunda qurulan əməkdaşlıqdan bəhs etdi və gələcək perspektivlərə dair mühüm mesajlar verdi. Prezident İlham Əliyev çıxışında, 2023-cü ilin iyul ayında Sədr Si Cinpin ilə keçirilən görüşün mühüm əhəmiyyətini xüsusi vurğuladı: "Sədr Si ilə sonuncu dəfə iyul ayında görüşümüz əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı". Bu görüş nəticəsində əldə olunan razılaşmalar siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişlənməsinə möhkəm təməl qoydu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb:
O, açıqlamasında qeyd edib ki, Çin və bizim ölkəmiz arasında təhsil sahəsindəki sıx əməkdaşlıq sayəsində hər iki ölkədə 100-dən çox tələbə qarşılıqlı olaraq təhsil alır:
"Prezident Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəklədiyini və bu qlobal layihənin uğurla həyata keçirilməsində fəal iştirak etdiyini qeyd etdi: "Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. "Bir kəmər, bir yol" təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik". Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bu prosesdə mühüm üstünlük təmin edir.
Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə etdi və gələcək investisiya layihələri barədə danışdı. Çin şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda iştirakı qarşılıqlı maraqlara xidmət edir və iqtisadi müxtəlifləşməyə töhfə verir. Azərbaycan məhsullarının Çin bazarına çıxarılması istiqamətində görülən addımların intensivləşdiyi də qeyd olundu.
Təhsil sahəsi ilə bağlı bildirim ki, Çin və bizim ölkəmiz arasında təhsil sahəsindəki sıx əməkdaşlıq sayəsində hər iki ölkədə 100-dən çox tələbə qarşılıqlı olaraq təhsil alır. Bu mübadilə proqramları tələbələrə iki mədəniyyəti daha yaxından tanımağa, elmi tədqiqatlar aparmağa və beynəlxalq əlaqələr qurmağa imkan yaradır. Eyni zamanda, bu proqramlar həmçinin gələcəkdə işgüzar əməkdaşlıqların və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.
Müsahibənin yekununda Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafına olan inamını bir daha ifadə edərək, Azərbaycan və Çin xalqları arasında mövcud olan dostluq və qarşılıqlı hörmət əlaqələri gələcəkdə də əməkdaşlığımızın dinamik inkişafını təmin edəcəkdir.
Prezidentin CGTN-ə verdiyi bu müsahibə Azərbaycan-Çin əlaqələrinin strateji xarakterini bir daha nümayiş etdirdi və qarşıdakı dövrdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərdi".