Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20 milyon 460 min ədəd təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten - Mart 2025" hesabatında bildirilir.
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.4% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 0.01% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 dəfə artmışdır. 2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 562 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 668 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 890 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkil etmişdir.